Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Uşaq Hüquqları Aylığı” çərçivəsində dövlət uşaq müəssisələrinə başçəkmələr həyata keçirilib

29-10-2021 263 dəfə oxunub
“Uşaq Hüquqları Aylığı” çərçivəsində dövlət uşaq müəssisələrinə başçəkmələr həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən mütəmadi olaraq paytaxtda və regionlarda başçəkmələr həyata keçirilir.

Ombudsman tərəfindən elan olunmuş 20 oktyabr - 20 noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbinə, həmçinin Goranboy, Tovuz və Salyan rayonlarında yerləşən inteqrasiya təlimli internat tipli gimnaziyalara əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd müxtəlif yaş qruplarından olan uşaqların hüquqlarının təmini vəziyyətinin, saxlanma şəraitinin, habelə müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin öyrənilməsi olub.

Başçəkmələr zamanı adı çəkilən müəssisələrin sinif, yataq və istirahət otaqlarına, mətbəxinə, yeməkxanasına, ərzaq anbarına baxış keçirilib, loqopedik və psixoloji işin təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. 

5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində yuxarı siniflər üzrə Brayl əlifbası ilə çap edilmiş dərsliklərin olmadığı, bundan başqa uşaqlara yönəlmiş psixoloji xidmətin təkmilləşdirilməsinə ehtiyac olduğu aşkar edilib. 

Goranboy rayonununda yerləşən R.Ağakişiyev adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya başçəkmə zamanı müəssisənin binasının əsasən təmirsiz və qəzalı vəziyyətdə olmasının şagidlərin hüquqlarının səmərəli şəkildə həyata keçirilməsinə imkan vermədiyi müəyyən edilib.

Tovuz rayonu Qovlar şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya başçəkmə zamanı binanın isidilməsində və tibbi qeydiyyat işinin təşkilində çatışmazlıqların olduğu müşahidə edilib.

MPQ üzvləri tərəfindən Salyan şəhər A.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya həyata keçirilən başçəkmə zamanı saxlanma şəraiti araşdırılıb.

Rəftar məsələlərinin araşdırılması məqsədilə müəssisələrin rəhbərliyi və əməkdaşları, o cümlədən şagirdlərlə fərdi və qrup şəklində söhbətlər aparılıb.

Başçəkmələrin yekununda müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr verilib, o cümlədən Ombudsmanın 916 Çağrı Mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar təqdim edilib.