Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının rəhbəri BMT-nin Əməkçi Miqrantlar Komitəsinin onlayn iclasında çıxış edib

04-10-2021 181 dəfə oxunub
Ombudsman Aparatının rəhbəri BMT-nin Əməkçi Miqrantlar Komitəsinin onlayn iclasında çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı BMT-nin Əməkçi Miqrantlar və Onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsi üzrə Komitəsinin 33-cü sessiyasında çıxış edib. Onlayn tədbirdə A.Səfixanlı tədbir iştirakçılarına Ombudsman təsisatının miqrantların hüquqları ilə bağlı həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. Çıxışda Ombudsmanın bu sahədə Dövlət Miqrasiya Xidməti və əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlığı, COVID-19 pandemiyası dövründə miqrantların hüquqlarını diqqətdə saxlaması barədə bəhs olunub.O, həmçinin Ombudsmanın MPM qismində fəaliyyəti barədə məlumat verib, miqrantların saxlandığı müəssisələrdə də mütəmadi olaraq başçəkmələr aparıldığını bildirib.

Daha sonra A.Səfixanlı Komitə üzvlərinin ona ünvanladığı sualları cavablandırıb. Müzakirə zamanı əsas mövzu İkinci Qarabağ müharibəsinin nəticəsinin qaçqınlar, məcburi köçkünlər və miqrantların hüquqlarının təmin edilməsinə təsirləri barədə olub. Aparat rəhbəri 30 ilə yaxın müddətdə beynəlxalq təşkilatların işğal faktına sülh yolu ilə son qoyulması ilə bağlı effektiv tədbirlər görə bilmədiyini, ötən il Ermənistanın yeni hərbi həmlələri ilə başlanmış müharibədə Azərbaycanın işğal altında olan torpaqlarını hərbi və siyasi yollarla azad etdiyini vurğulayıb. Ermənistanın etnik təmizləmə və işğal siyasəti nəticəsində Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkünün yaşadığını qeyd edən A.Səfixanlı Ombudsmanın onların hüquqlarının təminini diqqətdə saxladığını, bu məsələ ilə əlaqədar dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər ünvanladığını bildirib. Çıxış zamanı hazırda minaların məcburi köçkünlərin işğaldan azad edilmiş doğma yurdlarına geri qayıtmasına ən böyük maneə olduğu, Ermənistanın mina xəritələrini verməsinin zəruriliyi də qeyd olunub.

Azərbaycanda yaşayan ermənilərin hüquqlarının müdafiəsi ilə bağlı suala cavabda ötən ilki müharibəyə qədərdə ölkəmizdə otuz minə yaxın erməni əsilli vətəndaşın yaşadığı, həmin şəxslərin hüquq və azadlıqlarının heç bir ayrı-seçkiliyə yol verilmədən təmin edildiyi, müharibədən sonra işğaldan azad edilmiş ərazilərimizdə yaşayan erməni vətəndaşlarımızın müraciətlərinin də Ombudsman tərəfindən eyni qaydada qəbul ediləcəyi diqqətə çatdırılıb.

Azərbaycanda əhalinin, o cümlədən ölkəmizdə yaşayan miqrantların vaksinasiyası ilə bağlı suala cavab olaraq ölkəmizdə koronavirusla mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirildiyi, vaksinlərlə bağlı çatışmazlığın olmadığı, əhalinin vaksinasiyası prosesində miqrantların da əhatə olunduğu qeyd olunub.

Yekunda BMT-nin Əməkçi Miqrantlar Komitəsinin sədri çıxışa və sualları ətraflı cavablandırdığına görə Azərbaycan Ombudsmanının nümayəndəsinə təşəkkürünü bildirib, milli insan hüquqları institutları ilə əməkdaşlığın vacibliyini vurğulayıb.