Bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması
Bərabərlik hüququnun təmini hər kəsin qanun qarşısında bərabər olması və ayrı-seçkiliyə məruz qalmaması konsepsiyasına əsaslanaraq fundamental prinsiplərdən birini təşkil edir, Azərbaycan Respublikasının Konstitusiyasında, ölkəmizin qoşulduğu beynəlxalq hüquqi sənədlərdə – o cümlədən, BMT-nin Ümumdünya insan hüquqları Bəyannaməsində, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında, Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiyalarda və digər mühüm sənədlərdə əksini tapmışdır.
Bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əhəmiyyətli istiqamətlərindən birini təşkil edir.
Bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması sahəsində hüquqi mexanizmlərin təkmilləşdirilməsi Ombudsman tərəfindən diqqət mərkəzində saxlanılaraq, bərabərlik hüququnun təşviqi, ictimai məlumatlandırma və monitorinq fəaliyyətləri davam etdirilmiş, bu istiqamətdə dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq genişləndirilmişdir.
2023-cü ildə Ombudsman Aparatında Bərabərlik hüququnun təmini sektoru təsis edilmiş, ayrı-seçkilik faktlarının araşdırılması və qarşısının alınması sahəsində həyata keçirilən tədbirlər bərabərlik mühitinin möhkəmləndirilməsinə xidmət etmişdir.
2025-ci ildə Ombudsman Aparatında Bərabərlik hüququnun təmini, Uşaq hüquqlarının müdafiəsi və Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorlarını ehtiva edən Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsi təsis edilmişdir.
Ümumilikdə, bərabərlik hüququ sahəsində qanunvericiliyə edilən dəyişikliklər və onların tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi insan hüquqlarının müdafiəsində mühüm addım olmuşdur.