Avropa Ombudsman İnstitutu (AOİ) 1988-ci ildə təsis edilmiş və mənzil-qərargahı Avstriyanın Innsbruck şəhərində yerləşən beynəlxalq təşkilatdır. İnstitutun əsas məqsədi ombudsman təsisatları arasında əməkdaşlığın gücləndirilməsi, insan hüquqları və yaxşı idarəçilik prinsiplərinin təşviqi, elmi-tədqiqat və təcrübə mübadiləsinin inkişaf etdirilməsidir.
AOİ Avropa və digər regionlardan ombudsman qurumlarını, ekspertləri və akademik dairələri bir araya gətirən platforma kimi fəaliyyət göstərir.
Azərbaycan Ombudsman təsisatı quruma 2003-cü ildən üzvdür. Bu illər ərzində AOİ ilə sıx əməkdaşlıq əlaqələri qurmuş, mütəmadi olaraq bu qurumun tədbirlərində iştirak etmiş və insan hüquqlarının bir çox sahələrində qarşılıqlı təcrübə mübadiləsi aparılmışdır. Müvəkkil tərəfindən Respublikamızda keçirilən beynəlxalq tədbirlərdə AOİ-nun bir çox üzvü dəvət olunaraq iştirak etmişdir.
Müvəkkil AOİ-nin Baş katibi Y.Ziqelin 2021-ci il 26 fevral tarixində Azərbaycanla bağlı yayımladığı bəyanata cavab olaraq, həmin təşkilatın prezidentinə, idarə heyətinə və institusional üzvlərinə açıq məktub ünvanlayıb.
2023-cü ildə Ombudsman Səbinə Əliyeva Türkiyə Respublikasının Ankara şəhərinə rəsmi səfəri çərçivəsində AOİ-nin Baş katibi Yozef Ziqel ilə görüşüb.
Görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və gələcək prioritetlər barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Müvəkkilin fəaliyyətini əks etdirən məruzələr və press-relizlər mütamadi olaraq AOİ-nin ünvanına göndərilmiş və bu sənədlərin bir çoxu qurumun rəsmi saytında yerləşdirilmişdir.