
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.
Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “Səssiz Ünsiyyət” Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyi ilə əməkdaşlıqda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli Xüsusi internat məktəbinin bir qrup şagirdinin Bakı Zooloji Parkına ekskursiyası təşkil olunub. Tədbirin keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaradılması, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi və inklüzivliyin təşviqindən ibarətdir. Eyni zamanda, bu təşəbbüs uşaqların sosiallaşmasına, yeni bilik və təcrübələr qazanmasına imkan yaradıb.
Qeyd edək ki, Ombudsman Aparatı tərəfindən müxtəlif kateqoriyadan olan uşaqların hüquqlarının müdafiəsinə, onların iştirakçılığının təşviqinə və cəmiyyətə inteqrasiyasına yönəlmiş tədbirlərin ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur.