Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir təşkil olunub

08-12-2023 9160 dəfə oxunub
Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin, Hüquq və İnsan Haqları İnstitutunun və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ombudsman Aparatının, BMT agentliklərinin, ali təhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı açılış nitqi ilə çıxış edərək, cari il 75-ci ildönümünün qeyd olunduğu Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquq və azadlıqlarının inkişafı, təşviqi və müdafiəsi istiqamətində əhəmiyyəti barədə məlumat verib.

A.Səfixanlı dünyada baş verən müharibələr, soyqırımı cinayətləri, tətbiq edilən ikili standartlar nəticəsində bu Bəyannamədə təsbit olunmuş normaların yerinə yetirilmədiyini və pozulduğunu bildirib.

Aparat rəhbəri otuz ilə yaxın müddət ərzində əraziləri Ermənistanın işğalı altında qalmış Azərbaycana münasibətdə ikili standartların mövcud olduğu, bu illərdə azərbaycanlıların bütün fundamental hüquqlarının kobud şəkildə pozulduğunu qeyd edib.

Aydın Səfixanlı torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyini, pozulmuş insan hüquq və azadlıqlarının, tarixi ədalətin bərpa olunduğunu diqqətə çatdırıb.

BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Vladanka Andreeva, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev tədbirdə çıxış edərək, Azərbaycanda insan hüquq və azadlıqlarının təşviqi və təmini istiqamətində həyata keçirilmiş tədbirlərdən bəhs edib, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ölkəmizdə tətbiq olunmasından danışıblar.

Sonra BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümünə və Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş videomüraciəti dinlənilib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda insan hüquqları” mövzusunda elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.