Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə Bəyanatı

27-01-2021 264 dəfə oxunub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə Bəyanatı

Bu yaxınlarda Ermənistan Parlamentində Metsamor AES-in radioaktiv tullantılarının hərbi məqsədlər üçün istifadəsi ilə bağlı aparılan müzakirələr bizi ciddi narahat edir. Parlamentin Regional məsələlər və Avrasiya İnteqrasiyası daimi komitəsinin iclasında Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Metsamor AES-in fəaliyyəti nəticəsində xeyli miqdarda radioaktiv tullantı yarandığını söyləyib.

Bundan əlavə, Ermənistanın 30 ilədək müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərini radioaktiv şəkildə çirkləndirməsindən də narahatlıq hissi keçiririk. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu təsdiq edir ki, Metsamor AES-in tullantılarının Azərbaycanın Ağdərə və Kəlbəcər rayonlarının ərazisində basdırılması ilə bağlı məlumatlar mövcuddur.

Müddəti bitmiş Metsamor AES yalnız Azərbaycan və Ermənistanın özü üçün deyil, həm də bütün bölgə üçün ciddi təhlükədir. Bundan əlavə, Cənubi Qafqazın zəlzələyə meyilli bölgəsində yerləşməsi onun fəaliyyətini daha da təhlükəli edir. AES-in ətrafında 5 tektonik qırılma var ki, bunlardan biri də stansiyadan cəmi 500 metr uzaqlıqdadır.

Beləliklə, bölgənin bütün ölkələri Çernobıl və Yaponiyanın Fukuşima Atom Elektrik Stansiyalarının aqibətini yaşamaq təhlükəsi ilə üz-üzədirlər.

Bir sıra beynəlxalq təşkilatlar da Metsamor AES ilə bağlı narahatlıqlarını vurğulayıblar. 2017-ci ildə Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Federika Moqerini qeyd etmişdir:“Aİ Metsamor Nüvə Elektrik Stansiyasının (MNPP) yaratdığı risklərdən tam xəbərdardır. Bu səbəbdən, MNPP-nin sürətli bir şəkildə bağlanması və istismardan çıxarılması Aİ və Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı üçün əsas hədəf olaraq qalır. Çünki bu elektrik stansiyası beynəlxalq səviyyədə tanınmış nüvə təhlükəsizliyi standartlarına cavab verəcək şəkildə təkmilləşdirilə bilməz.”[1]

Ancaq belə görünür ki, Ermənistan stansiyanı bağlamağı planlaşdırmır, əksinə onun fəaliyyəti 2026-cı ilə və ondan sonrakı müddətə uzadılıb.

Metsamor AES-in yarada biləcəyi bütün təhlükələri nəzərə alaraq, Çernobıl və Fukuşimaya bənzər növbəti fəlakətin qarşısını almaq üçün bütün müvafiq beynəlxalq təşkilatları stansiyanın təcili olaraq bağlanması, işinin təhlükəsiz şəkildə dayandırılması və radioaktiv tullantıların Beynəlxalq Atom Enerjisi Agentliyinin “İstifadə olunan Yanacaq İdarəetməsinin Təhlükəsizliyi və Radioaktiv Tullantıların İdarə Edilməsi Təhlükəsizliyi” haqqında Birgə Konvensiyasının, habelə AŞPA-nın 1588 saylı qətnaməsinin (2007) müəyyən etdiyi tələblərlə uyğun şəkildə ciddi beynəlxalq nəzarət altına alınması üçün təcili tədbirlər görməyə çağırıram.

 

Səbinə Əliyeva

 

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

27 yanvar 2021-ci il