Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman məişət zorakılığı ilə mübarizə və uşaq hüquqlarına dair fəaliyyət planlarının icrasına həsr edilən videokonfransda çıxış edib

18-12-2020 603 dəfə oxunub
Ombudsman məişət zorakılığı ilə mübarizə və uşaq hüquqlarına dair fəaliyyət planlarının icrasına həsr edilən videokonfransda çıxış edib

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn tədbirlərin icrasına həsr olunmuş müzakirə keçirilib. Videokonfrans formatında keçirilən tədbirdə Azərbaycan Respublikasının Baş Nazirinin müavini Əli Əhmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər əlaqədar qurumların nümayəndələri iştirak ediblər. 

Ombudsman Səbinə Əliyeva iclasda çıxış edərək həssas əhali qruplarına daxil olan uşaqların və qadınların hüquqlarının müdafiəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O, ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığının qarşısının alınması sahəsində milli qanunvericiliyin beynəlxalq qanunvericiliyə uyğun təkmilləşdirildiyini, bu sahələrdə bir neçə dövlət proqramının qəbul edilərək uğurla icra olunduğunu qeyd edib. 

Ombudsman uşaq hüquqlarının müdafiəsi sahəsində ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri, eləcə də Heydər Əliyev Fondunun uşaqların hərtərəfli inkişafı, onların sağlamlıq və təhsil hüquqlarının təmin edilməsinə töhfəsi barədə danışıb.

Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində təsisatın fəaliyyəti, o cümlədən Aparatda 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzinə hüquqları pozulan uşaqların müraciət imkanı haqqında məlumat verib. 

Bununla yanaşı, Ombudsmanın çıxışında Ermənistanın Azərbaycanın mülki əhalisinin məskunlaşdığı ərazilərə hücumları  barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə BMT Uşaq Fonduna (UNICEF) Ombudsman tərəfindən müraciətlər edildiyi, Ombudsmanın təşəbbüsü ilə müharibə nəticəsində zərərçəkmiş uşaqlara psixoloji dəstək layihəsinin həyata keçirildiyi qeyd olunub.

Səbinə Əliyeva məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən fəaliyyətə də toxunaraq, müzakirə edilən hər iki sənədin hazırlanmasında Ombudsman təsisatının da iştirak etdiyini və verilən təkliflərin nəzərə alındığını bildirib.

Ombudsman qarşıda duran vəsifələr qismində uşaq hüquqlarının daha səmərəli təmini məqsədilə dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq təşkilatların birgə əməkdaşlığının əlaqələndirilməsi, qanunvericiliyin daha da təkmilləşdirilməsinin önəmini vurğulayıb. Məişət zorakılığı hallarının qarşısının alınması məqsədilə mövcud qanunvericiliyin icrasının təmin edilməsi və bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi vacib vəzifələr kimi qeyd olunub.

Səbinə Əliyeva çıxışı zamanı bəhs olunan sənədlərin müxtəlif bəndləri üzrə Ombudsman Aparatı tərəfindən icra olunacaq işlər haqqında məlumat verib, qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi maarifləndirmə, insan hüquqlarının tədrisi sahəsində təcrübə əsasında hər iki sənədin icrasında yaxından iştirak ediləcəyini bildirib.