
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzi tərəfindən Gəncə Psixiatriya Xəstəxanasının əməkdaşlarının iştirakı ilə “Psixi sağlamlıq və insan hüquqları” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.
Tədbirdə Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov çıxış edərək, psixiatrik müəssisələrdə müalicə alan şəxslərin hüquq və azadlıqlarının təmini istiqamətində Ombudsmanın fəaliyyəti barədə məlumat verib, Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupunun yaradıldığını bildirib.
Eyni zamanda, iştirakçılara Ombudsmanın Milli Preventiv Mexanizm mandatı, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklər, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları barədə ətraflı məlumat verilib, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.