Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri insan alverinə qarşı mübarizə mövzusunda onlayn maarifləndirici tədbirdə iştirak edib

15-12-2020 568 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri insan alverinə qarşı mübarizə mövzusunda onlayn maarifləndirici tədbirdə iştirak edib

Bu günlərdə Tovuz Gənclər Evinin təşkilatçılığı ilə insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici onlayn tədbir keçirilib. 

Sözügedən tədbirdə Ombudsman təsisatını Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov təmsil edib. Həmin tədbirdə habelə hüquq üzrə elmlər doktoru, professor Mayis Əliyev, Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov və “Gənclərin Həmrəyliyi” İctimai Birliyinin sədri, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində koalisiya üzvü Zülfiyyə Nuriyeva mövzu ətrafında çıxışlar ediblər.

Tədbir iştirakçılarını Ombudsman Səbinə Əliyevanın adından salamlayan və onları Vətən müharibəsi nəticəsində əldə olunmuş qələbə və  10 dekabr  Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təbrik edən Səbuhi Abbasov insan alverinə qarı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirlər, qəbul edilmiş normativ-hüquqi aktlar haqqında geniş məlumat verib.

Qeyd olunub ki, Azərbaycan Respublikasında insan alverinin profilaktikasının, bu sahədə mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən edən, onların müdafiəsi və yardım məsələlərini tənzimləyən “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun qəbul edilməsi, həmçinin insan alverinə qarşı mübarizəyə dair milli fəaliyyət planlarının səmərəli icrası nəticəsində ölkəmizdə insan hüquqlarını pozan ictimai təhlükəli əməllərə qarşı uğurlu praktika formalaşıb. 

Hazırda icrası davam edən Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planında da nəzərdə tutulmuş tədbirlər insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsi üçün əlverişli zəmin yaradır. 

Tədbirdə Ombudsman təsisatının insan alverinə qarşı mübarizə sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti, habelə təsisatın müntəzəm olaraq davam etdirilən əhalinin maarifləndirilməsi, təhsil müəssisələrində insan alveri ilə bağlı hüquqi biliklərin artırılması, aidiyyatı qurumlar qarşısında səmərəli təkliflərin irəli sürülməsi sahəsində  əldə etdiyi uğurlar barədə də məlumat verilib.  Bundan başqa, Ombudsman təsisatında yaradılmış 916 Çağrı Mərkəzinin fəaliyyəti, COVID-19 pandemiyası dövründə Ombudsmana poçt, onlayn forma, telefon, sosial şəbəkələr vasitəsilə müraciət etmək imkanları haqqında iştirakçılara geniş məlumat verilib.

Tədbir mövzu ilə bağlı aktiv müzakirələr şəraitində davam etdirilib və gənclərin sualları ətraflı cavablandırılıb.