Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən birgə dəyirmi masa təşkil edilib

05-12-2023 405 dəfə oxunub
Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən birgə dəyirmi masa təşkil edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkəmizdəki Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç açılış nitqi ilə çıxış edərək tədbirin işinə uğurlar arzulayıblar.

Ombudsman çıxışı zamanı işğaldan azad olunmuş ərazilərimizdə Ermənistanın törətdiyi mina terroru barədə məlumat verib, minaların insanların həyatına təhlükə yaratdığını, aparılan tikinti-quruculuq işlərinə, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına maneə törətdiyini qeyd edib.

Müvəkkil dəfələrlə müraciət edilməsinə baxmayaraq, dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilmədiyini bildirib. Ombudsman İkinci Qarabağ müharibəsindən indiyədək 330-dan çox şəxsin mina qurbanına çevrildiyini, onlardan 65 nəfərin həyatını itirdiyini, 272 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını diqqətə çatdırıb.

Səbinə Əliyeva əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə də məlumat verib, təsisatda müvafiq sahə üzrə sektorun yaradıldığını bildirib. Müvəkkil əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı hazırlanmış maarifləndirici vəsaiti tədbir iştirakçılarına təqdim edib.

Seminarda çıxış edən ekspertlər əlliyi olan şəxslərin, mina qurbanlarının ehtiyaclarının qarşılanması, onların hüquqlarının müdafiəsi, digər aidiyyəti sahələr üzrə həyata keçirilən fəaliyyət və beynəlxalq təcrübə barədə məlumat verib, geniş fikir mübadiləsi aparıblar.