Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda müvəqqəti saxlama yerlərinə başçəkmələr keçirilib

30-09-2020 399 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda müvəqqəti saxlama yerlərinə başçəkmələr keçirilib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən  Mingəçevir şəhər, Oğuz və Qəbələ rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, saxlanılan şəxslərin  hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələr çərçivəsində müvəqqəti saxlama yerlərinin kameralarına, istintaq, tibb, ibadət, görüş otaqlarına, mətbəx, gəzinti sahələrinə baxış keçirilib, qidalanma, sovqat qəbulu, telefon danışıqları, görüşlərin verilməsinə dair vəziyyət araşdırılıb.

Saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən müvəqqəti saxlama yerlərində saxlanılanlar fərdi qaydada qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb. Həmçinin saxlanılan şəxslərin şəxsi işlərinə və müvəqqəti saxlama yerlərində saxlanılanların qeydiyyat kitablarına baxışlar keçirilib.

Mingəçevir Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerlərində sanitar-gigiyena tədbirlərinin qeydiyyatı kitabında tutulmuş və ya həbs edilmiş şəxsin sanitar vəziyyəti barədə qeydlərin aparılmadığı müşahidə edilib.

Yekunda müvəqqəti saxlama yerlərinin rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma  şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı müvafiq tövsiyələr verilib.