Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Şimali Kipr Türk Respublikasının ölkəmizə yeni təyin olunmuş nümayəndəsini qəbul edib

23-09-2020 361 dəfə oxunub
Ombudsman Şimali Kipr Türk Respublikasının ölkəmizə yeni təyin olunmuş nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şimali Kipr Türk Respublikasının ölkəmizə yeni təyin olunmuş nümayəndəsi xanım Növber Ferit Veçhini  qəbul edib.

Qonağı salamlayan Müvəkkil  öncə rəhbərlik etdiyi təsisatın əsas fəaliyyət istiqamətləri və beynəlxalq qurumlarla əməkdaşlığı barədə məlumat verib. Azərbaycan Ombudsman təsisatı ilə bir sıra xarici ölkələrin Ombudsman institutları arasındakı münasibətlərə toxunan Müvəkkil bu əlaqələrin qarşılıqlı təcrübə mübadiləsi baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edib. O, videokonfrans vasitəsilə Türkiyə Ombudsmanı ilə keçirdiyi görüşdən bəhs edərək, pandemiya dövründə bütün əhali qruplarının hüquqlarının səmərəli müdafiəsi ilə əlaqədar həmkarı ilə qarşılıqlı fikir mübadiləsi apardığını qeyd edib.  

Müvəkkil, eyni zamanda, böyük bir coğrafiyanı əhatə edən Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılmasının əhəmiyyəti barəsində danışıb. O, türkdilli dövlətlər arasında iqtisadi, sosial və mədəni sahələrlə yanaşı, insan hüquqları sahəsində də əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin dayanıqlı inkişaf baxımından önəmli olduğunu qeyd edib. 

Səbinə Əliyeva dünya ictimaiyyəti tərəfindən Beynəlxalq Sülh Günü kimi qeyd olunan bir tarixdə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin növbəti dəfə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olduğunu bildirib. O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddiaları, Dağlıq Qarabağ və 7 ətraf rayonumuzun işğal edilməsi nəticəsində  bir milyondan artıq soydaşımız öz doğma yerlərindən didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib. 

Müvəkkil bildirib ki, beynəlxalq ictimaiyyətin mövcud pandemiya səbəbindən hərbi münaqişələrin dayandırılması ilə bağlı qərarlarına məhəl qoymayan Ermənistanın beynəlxalq hüququn tələblərini heçə sayaraq Azərbaycana qarşı əsasən mülki şəxsləri və obyektləri hədəf alan təxribat xarakterli hərbi hücumlara davam etməsi regionda sülhü və sabitliyi ciddi təhdid edir. 

Görüşdə əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunub.