Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Naxçıvanda birgə seminar təşkil olunub

23-11-2023 330 dəfə oxunub
Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Naxçıvanda birgə seminar təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkəmizdəki Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Naxçıvanda “Beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi kateqoriyaya aid şəxslərin hüquqlarının müdafiəsinin praktiki aspektləri” mövzuda seminar təşkil olunub. Tədbirdə bir sıra dövlət qurumlarının əməkdaşları, beynəlxalq ekspertlər və media nümayəndələri iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd aidiyyəti dövlət qurumlarının əməkdaşlarının beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası sahəsində bilik və bacarıqlarının daha da artırılması olub.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç açılış nitqi ilə çıxış edib və seminarın işinə uğurlar arzulayıblar.

Ombudsman çıxışı zamanı otuz ilə yaxın müddət ərzində Ermənistan tərəfindən torpaqlarımızın işğalı zamanı beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu, ərazilərimizin minalarla çirkləndirildiyini, İkinci Qarabağ müharibəsindən indiyədək 330-dan çox şəxsin mina qurbanına çevrildiyini bildirib.

Müvəkkil Birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyi barədə Ermənistan tərəfindən indiyədək məlumat verilmədiyini qeyd edib. S.Əliyeva işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə və bərpa-quruculuq işləri zamanı azərbaycanlılara məxsus kütləvi məzarlıqların aşkar olunduğunu, həmin şəxslərin amansız işgəncələrə məruz qaldığını qeyd edib.

Ombudsman İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Ermənistanın beynəlxalq humanitar hüquq normalarını pozması faktları ilə əlaqədar təsisat tərəfindən ümumilikdə 18-i hesabat, 29-u bəyanat, 7-si videomüraciət olmaqla, 60 müraciətin hazırlandığını, xarici ombudsman və milli insan hüquqları təsisatlarına, beynəlxalq təşkilatlara göndərildiyini diqqətə çatdırıb.

Seminarda təqdimatlarla çıxış edən ekspertlər beynəlxalq humanitar hüququn praktikada tətbiq edilməsi, itkin düşmüş şəxslərin taleyinin araşdırılması, mina qurbanlarının ehtiyaclarının qarşılanması və digər aidiyyəti sahələr üzrə həyata keçirilən fəaliyyət və beynəlxalq təcrübə barədə məlumat verib, iştirakçılarla fikir mübadiləsi aparıblar.

Tədbirdə tematik qrup müzakirələri təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Yekunda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.