Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

DSX Akademiyasında Ombudsman Aparatı ilə birgə hüquqi maarifləndirmə tədbiri keçirilib

30-05-2025 142 dəfə oxunub
DSX Akademiyasında Ombudsman Aparatı ilə birgə hüquqi maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı və Dövlət Sərhəd Xidməti (DSX) ilə birgə DSX Akademiyasında tədbir təşkil olunub. Tədbirdə Akademiyanın rəisi general-mayor Ramin Bağırov, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, professor-müəllim heyəti və kursantlar iştirak ediblər.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məruzə ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunduğunu, insan hüquqlarının müdafiəsi istiqamətində kompleks islahatların həyata keçirildiyini, bu siyasəti uğurla davam və daha da inkişaf etdirən ölkə Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun tarixinin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edildiyini diqqətə çatdırıb.

Eyni zamanda, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ənənəvi olaraq hər il bu əlamətdar gün ərəfəsində 18 may - 18 iyun tarixlərinin ölkə ərazisində “İnsan Hüquqları Aylığı” elan edilərək paytaxtda və regionlarda insan hüquqlarını təbliğ edən müxtəlif aktual mövzularda maarifləndirmə tədbirlərinin keçirildiyi, Aylıq çərçivəsində həyata keçirilən tədbirlərin xüsusi önəm daşıdığı vurğulanıb.

Daha sonra tədbir iştirakçılarına mövcud milli qanunvericilik və beynəlxalq müqavilələr barədə təqdimatlar edilib, interaktiv diskussiya şəklində fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı insan hüquqlarının təmin olunması istiqamətində DSX-nin fəaliyyəti, saxlanılan şəxslərlə davranış qaydaları, Ombudsmana müraciət mexanizmləri kimi vacib mövzulara toxunulub, iştirakçıların sualları cavablandırılıb.