Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi məcburi köçkünlərin hüquqlarının müdafiəsinə həsr edilmiş beynəlxalq vebinarda iştirak edib

05-06-2020 436 dəfə oxunub
Ombudsmanın nümayəndəsi məcburi köçkünlərin hüquqlarının müdafiəsinə həsr edilmiş beynəlxalq vebinarda iştirak edib

Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) təşkilatçılığı ilə “Məcburi yerdəyişməyə məruz qalmış şəxslərin COVID-19 şəraitində müdafiəsi: Milli İnsan Hüquqları Təsisatlarının rolu və təcrübəsi, BMT QAK-la əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq vebinar keçirilib.  Tədbirin məqsədi məcburi yerdəyişməyə məruz qalmış şəxslərin pandemiya dövründə hüquqlarının təbliği və müdafiəsi sahəsində Milli İnsan Hüquqları Təsisatlarının təcrübələrinin bölüşülməsi, bu sahədə strategiyaların hazırlanması, gələcək birgə fəaliyyətin əsas istiqamətlərinin müəyyən edilməsi və bununla bağlı əlaqələndirmə işinin genişləndirilməsindən ibarət olub. 

Müxtəlif ölkələrin ombudsmanları, Milli İnsan Hüquqları Təsisatlarının nümayəndələri, BMT-nin məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi xanım Sesilia Jimenez-Damari, habelə BMT QAK-ın Baş Qərargahının və təşkilatın ayrı-ayrı ölkələr üzrə nümayəndəliklərinin əməkdaşlarının iştirak etdiyi vebinara Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova, BMT QAK-ın Azərbaycan Nümayəndəliyinin Hüquq şöbəsinin müdir müavini Samirə Allahverdiyava da qoşulub, mövzu üzrə müzakirələr aparılıb.   

Diqqətə çatdırılıb ki, 10 milyon əhalisi olan Azərbaycanda məcburi köçkünlər ölkə əhalisinin on faizini təşkil edir ki, praktiki olaraq belə vəziyyət heç bir ölkədə müşahidə olunmur.  Qeyd olunub ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, onların bütün fundamental hüquqları kütləvi şəkildə kobudcasına pozulub. Vurğulanıb ki, təcavüzkar və işğalçı Ermənistan BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməməklə  beynəlxalq hüququn tələblərini heçə saymaqda davam edir.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, indiyə qədər 315 mindən çox məcburi köçkün xüsusi inşa edilmiş 111 müasir tipli qəsəbəyə köçürülüb və bu proses mərhələli şəkildə davam etdirilir. Qeyd olunub ki, bu əhali qrupunun rifahının yaxşılaşdırılması və təhlükəsiz şəraitdə öz doğma yurdlarına dönməsi Azərbaycan Respublikası üçün prioritet məsələlə olaraq qalır.

Qeyd edilməlidir ki, məcburi köçkünlük vəziyyətində Milli İnsan Hüquqları Təsisatlarının rolunun artırılması xanım Sesilia Jimenez-Damarinin BMT-nin İnsan Hüquqları Şurasına bu mövzuda 2019-cu ildə təqdim etdiyi xüsusi hesabatında əks etdirilib.