Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən məişət zorakılığına qarşı mübarizə ilə bağlı videokonfrans keçirilib

05-06-2020 415 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən məişət zorakılığına qarşı mübarizə ilə bağlı videokonfrans keçirilib

Ombudsmanın Gəncə və Cəlilabad regional mərkəzlərinin və Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ağstafa, Şəmkir, Yevlax, Ağcabədi, Ağdam, Neftçala, Ucar, Lerik, Yardımlı, Astara, Cəlilabad, Masallı, Salyan, Sabirabad, Ağsu, Tərtər, Şəki və Xızı rayonlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə 18 may-18 iyun tarixində keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində “Koronavirus pandemiyası dövründə məişət zorakılığı ilə mübarizə” mövzusunda regional hüquqi maarifləndirici videokonfrans təşkil edilib.

Çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə 18 iyunun  ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu deyib. Diqqətə çatdırılıb ki, bu il də insan hüquqları sahəsində ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” elan olunub.

Vurğulanıb ki, bütün dünyada bir sıra sahələrdə əsaslı çətinliklər yaradan koronavirus pandemiyası ailədaxili münaqişələrin, məişət zorakılığı hallarının da artmasına zəmin yaradıb. Bu səbəbdən bir sıra beynəlxalq təşkilatlar, həmçinin BMT-nin Baş katibi pandemiya dövründə məişət zorakılığının qarşısının alınması istiqamətində üzv dövlətləri daha geniş fəaliyyətə çağırıb. S.Abbasov bildirib ki, ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla və məişət zorakılığı ilə mübarizəyə cəlb etmək məqsədi ilə Azərbaycan Ombudsman təsisatı geniş maarifləndirmə fəaliyyəti həyata keçirir. Hər il müxtəlif kateqoriyalardan olan əhali qruplarının iştirakı ilə bu mövzuda mərkəzi və yerli dövlət qurumları ilə birgə tədbirlərin təşkil edildiyi, bu istiqamətdə 25 noyabr-10 dekabr tarixləri arasında 16 gün ərzində davam edən gender əsaslı zorakılıqla mübarizə kampaniyası zamanı ənənəvi olaraq müxtəlif maarifləndirici tədbirlərin və fəaliyyətlərin reallaşdırıldığı diqqətə çatdırılıb. Videokonfransda, həmçinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları barədə də iştirakçılara ətraflı məlumat verilib.

Videokonfransda çıxış edən Ombudsmanın Cəlilabad Regional Mərkəzin rəhbəri Ziya İsmayılov Müvəkkil Səbinə Əliyevanın rəhbərliyi ilə ölkəmizdə Ombudsman təsisatı tərəfindən məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. O, bu istiqamətdə maarifləndirmənin zəruri olduğunu, Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən də regional mərkəzin əhatə etdiyi rayonlarda müntəzəm olaraq geniş maarifləndirmə tədbirlərinin təşkil olunduğunu diqqətə çatdırıb. Ziya İsmayılov, həmçinin məişət zorakılığı ilə mübarizədə ölkəmizin bütün rayonlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin potensiallarından istifadə edilməsinin də səmərəli nəticələr verə biləcəyini qeyd edib.

Tədbirdə iştirak edən bəhs edilən rayonların Heydər Əliyev Mərkəzlərinin nümayəndələri təşkil edilmiş videokonfransda bu aktual mövzu ilə bağlı fikirlərini bölüşüblər.