Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Naxçıvan Muxtar Respublikasında yerləşən uşaq müəssisələrində monitorinqlər aparılıb

16-11-2023 214 dəfə oxunub
Naxçıvan Muxtar Respublikasında yerləşən uşaq müəssisələrində monitorinqlər aparılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasında yerləşən uşaq müəssisələrində monitorinqlər aparılıb, maarifləndirici görüşlər keçirilib.

Naxçıvan Muxtar Respublikası Ombudsman Aparatının əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Uşaq Bərpa Mərkəzində, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində həyata keçirilən monitorinqlər zamanı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün yaradılmış şərait, onların reabilitasiyası və fərdi bacarıqlarının inkişafı istiqamətində göstərilən xidmətlərlə tanış olunub, müəssisə əməkdaşları, habelə uşaq və valideynlərlə söhbət aparılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə və Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbində monitorinq və maarifləndirici görüşlər davam etdirilib. İnternat məktəbinin monitorinqi zaman müəssisənin yataq, istirahət otaqlarına, yeməkxanaya və digər obyektlərə baxış keçirilib, uşaqlarla fərdi söhbət aparılıb. Eyni zamanda, həmin məktəbdə bir qrup şagird və müəllim heyətinin iştirakı ilə uşaq hüquqlarının müdafiəsinə dair maarifləndirici görüş keçirilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Rejim Bölməsinə baxış keçirilib, mövcud şərait araşdırılıb. Baxış zamanı bu Bölmədə saxlanılan şəxs olmayıb.

Aparılan monitorinqlər nəticəsində müəssisələrdə sənədləşmə işinin aparılması, bəzi qida məhsullarının saxlanması, tibbi xidmətin göstərilməsi, uşaqların peşə bacarıqlarının artırılması, yataq otaqlarının uşaqların yaş bölgüsünə uyğun təşkili, otaqların standartlara uyğun işıqlandırılması, korpuslarda istilik təchizatı, uşaqların geyim, ayaqqabı, yumşaq inventarlarla təmin olunması və digər məsələlərin təkmilləşdirilməsinə dair tövsiyələr verilib, müəssisələrə maarifləndirici nəşrlər təqdim olunub.