Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatına həsr olunmuş konfrans təşkil edilib

31-10-2023 250 dəfə oxunub
"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatına həsr olunmuş konfrans təşkil edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatına həsr olunmuş konfrans təşkil edilib.

Tədbirdə Ombudsman Aparatının, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, habelə media mənsubları iştirak ediblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tədbirdə açılış nitqi ilə çıxış edərək, etnik zəmində ayrı-seçkilik, nifrət nəticəsində yaranmış münaqişələrin müasir dövrdə dünyada ən mühüm problemlərdən biri olduğunu bildirib. Müvəkkil etnik zəmində nifrət siyasətinin ümumbəşər dəyərlərə zidd olduğunu, bu cür mənfi halların münaqişələrə səbəb olduğunu söyləyib.

Uzun illər Azərbaycanın bu siyasətin acı nəticələrindən əziyyət çəkdiyini qeyd edən Ombudsman Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddialarının, bu ölkənin siyasi rəhbərliyinin bölgədəki digər millətlərə qarşı formalaşdırdığı nifrət ideologiyasının etnik təmizləmə və işğalçılıq siyasəti ilə müşayiət edildiyini diqqətə çatdırıb.

Müvəkkil Ermənistan tərəfindən torpaqlarımızın uzun illər işğal altında saxlanılması və bir milyondan çox insanın öz yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsinin azərbaycanlılara qarşı aparılan nifrət siyasətinin bariz göstəricisi olduğunu qeyd edib.

Ermənistanda cəmiyyətin müxtəlif təbəqələri, eləcə də dünyanın müxtəlif bölgələrində yaşayan erməni əsilli şəxslər tərəfindən azərbaycanlılara qarşı nifrət nitqinin kəskin şəkildə ifadə edildiyini deyən Ombudsman bu cür halların İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə daha geniş vüsət aldığını, istər sosial şəbəkələrdə, istərsə də mətbuatda ölkəmizə və azərbaycanlılara qarşı açıq şəkildə nifrəti təbliğ edən ifadələrin səsləndirildiyini bildirib.

S.Əliyeva İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, sülh və insanlıq əleyhinə, habelə müharibə və terrorçuluq cinayətlərini, eləcə də dinc insanların, mülki obyektlərin hədəfə alınmasını ifşa edən faktaraşdırıcı missiyaların həyata keçirildiyini, hesabatlar, bəyanat və müraciətlərin hazırlanaraq yerli və beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına təqdim olunduğunu qeyd edib.

Sonra Ombudsman Aparatı tərəfindən hazırlanmış “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” adlı hesabat tədbir iştirakçılarına təqdim olunub.

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən nifrət nitqi və nifrət cinayətinin siyasətə çevrilərək, dövlət idarəçiliyinin ən yüksək səviyyəsinə daşınaraq bütün xalqlara və regiona təhlükə gətirdiyini bildirib. Z.Oruc nifrət nitqinin qanlı terror əməllərinə və əbədi savaşlara səbəb olduğunu qeyd edib.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin Ermənistanın uzun illər davam edən ideologiyasının təzahürü olduğunu bildirib. Nazir müavini İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə Ermənistana sülh sazişi üçün təklif göndərildiyini, lakin qarşı tərəfin müsbət davranış sərgiləmədiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalov Birinci və İkinci Qarabağ müharibələri, eyni zamanda, postmüharibə dövründə qeydə alınan cinayət faktları üzrə də istintaq aparıldığını, mülki əhalinin qəsdən öldürülməsi, mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması və ağır xəsarətlər alması kimi cinayət faktlarının istintaqının davam etdirildiyini bildirib.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli xarici ölkələrdə Azərbaycan xalqına qarşı həyata keçirilən nifrət nitqinin hazırda daha da artdığını qeyd edib, otuz il işğal altında qalmış şəhərlərimizin tamamilə dağıdılmasının, vətəndaşlarımıza qarşı soyqırımı törədilməsinin bu nifrətin əyani sübutu olduğunu diqqətə çatdırıb.

Sonra konfransda mövzu üzrə ətraflı müzakirələr və fikir mübadilələri aparılıb.