Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin yüksək səviyyəli məşvərət toplantısında iştirak edib

13-02-2020 552 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin yüksək səviyyəli məşvərət toplantısında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Sevinc Şener Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRİ) Belçikanın paytaxtı Brüssel şəhərində “Avropa Şurasının Müstəqil Milli İnsan Hüquqları İnstitutlarının Yaradılmasına dair Tövsiyəsi və bu qurumların Avropa İttifaqının Qanununun Aliliyi Mexanizmindəki Rolu” mövzusunda keçirilmiş yüksək səviyyəli məşvərət toplantısında iştirak edib. Tədbirdə Avropa Şurasının Nazirlər Kabinetinin “Müstəqil Milli İnsan Hüquqları Təsisatlarının Yaradılmasına dair R (97)14 saylı Tövsiyəsi” nin yenilənməsi məsələsi müzakirə olunub. 

Ombudsman Aparatının əməkdaşı 20-dən çox ölkənin Milli İnsan Hüquqları İnstitutlarının rəhbər və nümayəndələri ilə yanaşı, Avropa Şurası, Avropa İttifaqı, BMT və s. dövlətlərarası, regional və beynəlxalq qeyri-hökumət təşkilatların nümayəndələrinin təmsil olunduğu tədbirdə çıxış edib. S. Şener tədbir zamanı milli və regional səviyyədə milli insan hüquqları təsisatlarının fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq təkliflər irəli sürüb. 

S. Şener Azərbaycan Ombudsmanının müvafiq Konstitusiya Qanununa görə geniş mandata sahib olduğunu, həmin mandat çərçivəsində həm milli insan hüquqları təsisatı, həm ombudsman institutu, həm də milli preventiv mexanizm kimi müəyyən edildiyini qeyd edib. Aparatın əməkdaşı Müvəkkilin daim vətəndaş cəmiyyətinin üzvləri ilə sıx işlədiyini, ölkəmizdə artıq bu cür milli səviyyədə insan hüquqlarının müdafiəsi və təmininə dair 2011-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrasına nəzarətin məhz Ombudsmana həvalə edildiyini, müxtəlif regionlarda dövlət orqanları, yerli özünüidarə qurumları və vətəndaş cəmiyyəti institutlarının da iştirakı ilə ictimai dinləmələr həyata keçirdiyini, həmin dinləmələr zamanı qəbul edilmiş təkliflərin müvafiq qurumlara təqdim edildiyini və ayrıca kitab şəklində çap olunduğunu, sənədin icrasına nəzarət üçün müvafiq tədbirlərin görüldüyünü bildirib.

S. Şener Ombudsmanın həm Müvəkkil, həm də milli preventiv mexanizm qismində şəxslərin saxlanılma yerlərinə xəbərdarlıq etmədən planlı və plandan kənar başçəkmələr həyata keçirdiyini vurğulayıb. O, təsisatın beynəlxalq və regional institutlarla, xüsusilə də Avropa Şurası ilə əməkdaşlığından bəhs edərkən, həmin təşkilatlarla milli insan hüquqları institutları arasında sıx əməkdaşlığın, habelə qarşılıqlı etibarın gücləndirilməsinin vacibliyini, Azərbaycan Ombudsmanının indiyədək müxtəlif vaxtlarda iki Tvinninq layihəsi və TAİEX Proqramında iştirak etdiyini, eləcə də bu günlərdə AŞ, Aİ və Azərbaycan Ombudsmanının birgə təşkilatçılığı ilə “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının məsul əməkdaşları üçün ayrı-seçkiliklə mübarizə sahəsində tətbiq olunan Avropa standartlarına dair maarifləndirici təlim-seminar” keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.