Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Miqrasiya kontekstində uşaqların hüquqlarının müdafiəsi: beynəlxalq standartlar və mövcud təcrübələr” mövzusunda təlim keçirilib

27-10-2023 311 dəfə oxunub
“Miqrasiya kontekstində uşaqların hüquqlarının müdafiəsi: beynəlxalq standartlar və mövcud təcrübələr” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Dövlət Miqrasiya Xidmətinin və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində miqrasiya kontekstində uşaqların hüquqlarının müdafiəsinə həsr edilmiş ikigünlük təlim təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dünyanın bir sıra bölgələrində baş verən sosial-iqtisadi, siyasi, hərbi vəziyyət fonunda miqrasiya proseslərinin kəskin şəkildə artdığını, bu prosesdə uşaqların xüsusi risk qrupu təşkil etdiyini bildirib.

Müvəkkil miqrasiya prosesi iştirakçıları olan şəxslərin, o cümlədən miqrant-uşaqların hüquqlarının müdafiəsi və təmini sahəsində çoxşaxəli fəaliyyəti barədə məlumat verib, Ombudsman təsisatı ilə Dövlət Miqrasiya Xidməti arasında sıx əməkdaşlığın mövcud olduğunu qeyd edib. Bu əsnada beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda miqrasiya sahəsində çalışan dövlət qurumlarının əməkdaşlarının bilik və peşə bacarıqlarının davamlı yüksəldilməsi məqsədilə paytaxt və regionlarda birgə tədbirlərin davam etdirildiyi vurğulanıb.

Ombudsman ölkəmizdə uşaq hüquqlarının müdafiəsi üzrə həyata keçirilən islahatlardan, o cümlədən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən bəhs edib, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirdiyini söyləyib.

Səbinə Əliyeva Milli Preventiv Mexanizm mandatı çərçivəsində qanunsuz miqrantların saxlanılması mərkəzlərinə mütəmadi olaraq başçəkmələrin həyata keçirildiyini, miqrantların konfidensial qaydada qəbul edildiyini, onların hüquqlarının dövlətdaxili və beynəlxalq hüquq normalarına uyğun təmini vəziyyəti ilə bağlı məsələlərin araşdırıldığını iştirakçıların diqqətinə çatdırıb.

Açılış mərasiminin davamı olaraq, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış edərək bildirib ki, Azərbaycan ilk dəfə olaraq uşaqların miqrasiya idarəçiliyində mərkəzi rol oynadığını qəbul edən əlamətdar bir saziş olan və uşaqlara həssas miqrasiya siyasətlərini özünün 10 əsas prinsipindən biri kimi qəbul edən “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”a qoşulub.

Vüsal Hüseynov müvafiq sahədə Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətləri barədə iştirakçılara məlumat verib.

Təlimdə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, UNICEF, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qızıl Xaç Komitəsinin də ekspertləri çıxış ediblər.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.