Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları gender zorakılığı ilə bağlı tədbirdə iştirak ediblər

28-01-2020 208 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları gender zorakılığı ilə bağlı  tədbirdə iştirak ediblər

Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. 

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Rəna Fərəcova, Ombudsman Aparatının əməkdaşları Vəfa Verdiyeva və Lamiyə Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi, həmin rayonun digər tam orta məktəblərinin direktorları, müəllimləri, məktəblilər və valideynlər iştirak ediblər.

Ombudsman Aparatının nümayəndəsi Lamiyə Zeynalova tədbirdə çıxış edərək, qadın və uşaq hüquqlarının müdafiəsi, zorakılıqla mübarizə, gender bərabərliyinin təmin olunması məsələlərinə Müvəkkil tərəfindən daim diqqət yetirildiyini vurğulayıb. Bununla yanaşı, məişət zorakılığı, erkən evlilik və təhsildən yayınma kimi mənfi halların qarşısının alınması sahəsində maarifləndirmə ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyəti, həmçinin uşaq hüquqlarının pozulması halları ilə bağlı 24 saat ərzində xidmət göstərən 916 nömrəli qaynar xətt barədə ətraflı məlumat verilib. Ombudsman Aparatının uşaq hüquqları ilə bağlı nəşrləri məktəbə təqdim edilib.

Tədbirdə məktəblilərin gender əsaslı zorakılıq mövzusuna həsr olunmuş rəsm əsərləri və səhnəciklər nümayiş etdirilib.  Sonda  bəhs olunan layihənin həyata keçirilməsində fəal iştirak edən məktəblilər Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.