Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin üzvləri ilə görüş keçirilib

25-10-2023 215 dəfə oxunub
Ombudsman Aparatında Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin üzvləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin üzvləri ilə görüşüb.

Görüşdə Aparat rəhbəri qonaqların suallarını cavablandıraraq, ölkəmizdə dinindən, irqindən, milliyyətindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin hüquq və azadlıqlarının təmin olunması sahəsində həyata keçirilən tədbirlər, Ombudsmanın ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyəti barədə ətraflı məlumat verib, Transsərhəd əlaqələr və əməkdaşlıqla bağlı Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ayrı-seçkiliklə mübarizə sahəsində Azərbaycanda və digər ölkələrdə görülən işlərlə bağlı təcrübə mübadiləsinin aparıldığını diqqətə çatdırıb.

Azərbaycanın tolerant və multikultural ölkə olduğunu söyləyən Aparat rəhbəri ölkədə müxtəlif etnik azlıqların qarşılıqlı hörmət, sülh, əmin-amanlıq şəraitində yaşadığını, onların təhsil hüquqlarının təmin olunduğunu, dil, din, mədəniyyətlə bağlı ənənələrinə hörmət edildiyini və ayrı-seçkilik edilmədən hüquq və azadlıqlarının müdafiə olunduğunu bildirib.

Ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi üzrə həyata keçirilən islahatlar, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklər barədə məlumat verilib, Ombudsmanın bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını, informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirdiyi diqqətə çatdırılıb.

Çoxmillətli və çoxdinli ölkə olan Azərbaycanda hər zaman müxtəlif millətlərin, etnik qrupların, dini azlıqların dini dəyərlərinə xüsusi diqqət yetirildiyi, dini abidələrin bu günədək qorunub saxlanıldığı, bunun əksinə olaraq otuz illik işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda tarixi, dini abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdıldığı və bu faktların ölkəmizdə müstəqil araşdırma aparan beynəlxalq ekspertlər tərəfindən də qeydə alındığını qonaqların diqqətinə çatdırılıb.

A.Səfixanlı Qarabağda yaşayan erməni əsilli vətəndaşların da hüquq və azadlıqlarının təmini və müdafiəsinin Azərbaycan Ombudsmanın diqqət mərkəzində olduğunu, Müvəkkilə müraciət etmək yolları ilə bağlı açıqlamalar verildiyini bildirib.

Görüşdə gələcək qarşılıqlı əməkdaşlıq əlaqələri barədə müzakirələr aparılıb.