Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının rəhbəri Helsinkidə “Süni intellektin insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə təsiri” mövzusunda konfransda iştirak edib

04-03-2019 152 dəfə oxunub
Ombudsman Aparatının rəhbəri Helsinkidə “Süni intellektin insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə təsiri” mövzusunda konfransda iştirak edib

Finlandiyanın paytaxtı Helsinkidə “Süni intellektin insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə təsiri” mövzusunda yüksək səviyyəli konfrans keçirilib. 26-27 fevral 2019-cu il tarixdə baş tutmuş konfrans Finlandiyanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Finlandiya hökuməti və Avropa Şurasının birgə təşkilatçılığı ilə təşkil olunub. 

Tədbirdə Avropa Şurasının baş katibi Torbyorn Yaqland, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç, BMT-nin fikir və söz azadlığı üzrə xüsusi məruzəçisi David Kaye, Finlandiyanın xarici işlər naziri Timo Soini, Fransanın ədliyyə naziri Nicole Belloubet, digər Avropa ölkələrinin müvafiq qurumlarının, beynəlxalq və regional təşkilatların yüksək vəzifəli səxsləri, Facebook, Google, Microsoft şirkətlərinin yüksək vəzifəli nümayəndələri, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri, informasiya texnologiyaları (İT) və hüquq üzrə tanınmış alimlər və ekspertlər iştirak ediblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı da konfransa qatılıb.

Tədbirdə süni intellektin insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə təsiri mövzularını əhatə edən üç sessiya çərçivəsində müzakirələr aparılıb. 

Konfransın ilk günü süni intellektlərin (robotların) insan haqlarına və demokratiyaya təsiri ilə bağlı məsələlər müzakirə olunub. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxış edərək müasir dövrdə “Elektron Hökumət”in formalaşdırılmasının və səmərəli fəaliyyətinin təmin olunmasının demokratiyanın daha da inkişafına təsir edən amillərdən biri olduğunu, ölkəmizdə “Elektron Hökumət”in formalaşdırılmasının beynəlxalq təcrübəyə əsaslandığını və bununla bağlı müvafiq hüquqi bazanın yaradıldığını, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərdiyini, müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirdiyini bildirib.

O, elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzinin yaradıldığını, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastrukturun qurulduğunu, “Elektron Hökumət” portalının hazırlanaraq istifadəyə verildiyini, bütün dövlət qurumlarının bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bildiklərini və bununla da insan hüquqlarının müdafiəsinə tövfə verdiklərini vurğulayıb. 

Çıxışda həmçinin dünyanın ilk süni intellekt humanoid robotu Sofiyanın Azərbaycana səfər etdiyi, “ASAN Həyat” kompleksinin açılışı zamanı ölkə Prezidentinə təqdim olunduğu, “ASAN xidmət” modeli ilə tanış olan Sofiyanın onun rahat, çox müasir və vətəndaşyönümlü olduğunu qeyd etdiyi, eyni zamanda bu humanoid robotun “ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərdiyi, mərkəzə müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak etdiyi diqqətə çatdırılıb.

A.Səfixanlı Azərbaycan Ombudsmanı Elmira Süleymanovaya onlayn müraciət xidmətinin “Elektron Hökumət” portalına inteqrasiya etdiyini və əhali tərəfindən fəal şəkildə istifadə olunduğunu söyləyib.

Konfransın ikinci günü süni intellektin qanunun aliliyinə təsiri mövzusunda müzakirələr aparılıb. Azərbaycan Ombudsman Aparatının rəhbəri söz alaraq sessiyanın panelistlərinə cinayət işlərinin, xüsusilə sülh və bəşəriyyət, insanlıq əleyhinə olan cinayətlərin istintaqı prosesinə süni intellektlərin cəlb olunması imkanları ilə bağlı sualla müraciət edərək, bu sualın verilmə zərurətinin artıq uzun illərdir ki, Azərbaycana qarşı ikili  standartların sərgilənməsi, xalqımıza qarşı törədilən beynəlxalq cinayətlərə ədalətli hüquqi qiymətin verilməməsi, bu cinayəti törətmiş şəxslərin hələ də cəzalandırılmaması ilə bağlı olduğunu vurğulayıb. O, Xocalı faciəsi haqqında geniş məlumat verərək, 26 fevral tarixində ölkə başçısının və 55 mindən artıq azərbaycanlının iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşünün keçiridiyini, əsas şüarların isə “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!” olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

27 ildir ki, müxtəlif beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər edildiyi, lakin hər hansı bir nəticənin olmadığı, səbəbin isə ikili standartlar, bəzi dövlətlərin siyasi maraqlarının olması qeyd olunub. Problemin həllinə  süni intellektlərin cəlb edilməsi istəyinin isə bu sahədə səlahiyyəti olan qurumlarda çalışan bəzi insanların ikili standartlara yol verməsi, ədalətli yanaşma sərgiləməməsinin olması vurğulanıb.