Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin Sığınacaq və Miqrasiya məsələləri üzrə İşçi Qrupunun növbəti iclasında iştirak edib

01-05-2019 250 dəfə oxunub
Ombudsmanın nümayəndəsi Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin Sığınacaq və Miqrasiya məsələləri üzrə İşçi Qrupunun növbəti iclasında iştirak edib

Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRI) 2018-2021-ci illər üçün Strateji Planının icrası çərçivəsində yaradılmış “Sığınacaq və Miqrasiya məsələləri” üzrə İşçi Qrupunun üzvü kimi bu günlərdə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində təşkil olunmuş növbəti iclasında iştirak edib. 

Tədbirə digər Avropa ölkələrinin (Almaniya, Fransa, İspaniya, Xorvatiya, Gürcüstan, Belçika, Ukrayna və b.) ombudsmanlarının nümayəndələri qatılıb, ötən dövrdə görülmüş işlər ümumiləşdirilərək təhlil edilib, gələcək fəaliyyət perspektivləri müzakirə olunub.       

T.Cahangirova tədbirdə çıxış edərək mövzular üzrə müzakirələrdə fəal iştirak edib, qanunvericiliyin təkmilləşdirilməsinə dair ölkəmizdə həyata keçirilən sistemli tədbirlər barədə iştirakçılara məlumat verib. O, Müvəkkilin bu sahədəki çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verərək, onun mühüm bir hissəsinin qeyri-qanuni miqrasiya, məcburi əməyin və insan alverinin qarşısının alınması istiqamətində preventiv tədbirlərin təşkilinə yönəldildiyini bildirib. Bununla yanaşı, Ombudsmanın Milli Preventiv Mexanizm qisminə fəaliyyəti çərçivəsində görülmüş işlər barədə iştirakçılara ətraflı məlumat verilib. 

Müvəkkilin nümayəndəsi qeyd edib ki, ölkə Ombudsmanı ilə xarici ombudsmanlarla, o cümlədən həmin ölkələrin Azərbaycandakı və ölkəmizin xarici dövlətlərdə diplomatik nümayəndəlikləri ilə qurulmuş sıx əməkdaşlıq çərçivəsində fəaliyyət davam etdirilir, bu kateqoriyadan olan şəxslərin vəziyyətinə dair birgə araşdırmalar aparılır, yerlərdə görüşlər keçirilmiş və görülmüş tədbirlər nəticəsində əcnəbilərin əmək fəaliyyətinin leqallaşdırılmasına yardım göstərilmiş, statuslarını rəsmiləşdirmək üçün qeyri-leqal miqrantlara daha çox vaxt verilmiş, hər bir miqranta fərdi yanaşmaqla, şəxsi və ailə vəziyyətləri nəzərə alınmış, bu şəxslərə qarşı zorakılıq hallarının yolverilməzliyi təbliğ edilmişdir. 

Bundan başqa bildirilib ki, ölkə Ombudsmanı ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəlikləri ilə birgə icra edilən layihələr çərçivəsində ölkəmizdəki məcburi köçkünlərin, qaçqınların, əcnəbi, vətəndaşlığı olmayan və sığınacaq axtaran şəxslərin hüquqlarının beynəlxalq standartlara uyğun təmini və təşviqi, onların cəmiyyətə inteqrasiyası, təhsil və digər sosial hüquqların təmini, eləcə də Avropa standartlarına uyğun sığınacaq sisteminin inkişaf etdirilməsi, əhalinin bu həssas qruplarının insan hüquqlarına dair mühüm mövzular üzrə maarifləndirilməsi, vətəndaşsızlıq hallarının qarşısının alınması və digər sahələrdə keçirilən əhatəli tədbirlər zamanı hədəf qruplarına yönələn və bir neçə əcnəbi dildə hazırlanan hüquqi nəşrlərin yayılması təmin edilir. 

Həmçinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və hazırda icra edilən “Şərqi Avropada və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü” (ŞACQKT) layihəsi çərçivəsində Ombudsmanın regional mərkəzləri də cəlb edilməklə respublikanın müxtəlif bölgələrində məhkəmə, hüquq-mühafizə, gömrük və sərhəd xidməti orqanlarının əməkdaşlarının iştirakı ilə müntəzəm treninq və seminarlar davam etdirilir.

T.Cahangirova ölkəmizdə miqrasiya üzrə 2019-2024-cü illər üzrə hazırlanan Milli Strategiya ilə bağlı təşkil edilən müzakirələrdə Müvəkkilin də fəal iştirak etdiyini xüsusi vurğulayıb. 

Tədbir çərçivəsində miqrantların iqtisadi-sosial hüquqları, uşaq hüquqları, KİV-lə əməkdaşlıq və digər mövzular ətrafında geniş müzakirələr aparılıb, bu sahədə fəaliyyət istiqamətləri müəyyən edilib.