Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda konfransda iştirak edib

20-10-2023 221 dəfə oxunub
Ombudsman “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunan “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda konfransda iştirak edib.

Bakı Təşəbbüs Qrupunun üzvlərinin, dövlət rəsmilərinin iştirak etdiyi konfransda çıxışı zamanı Müvəkkil hazırda dünyanın müxtəlif bölgələrində müstəmləkəçilik problemi ilə üzləşmiş bir sıra dövlətlərin hələ də öz azadlıqları uğrunda mübarizə aparmaqda davam etdiyini bildirib.

Müasir dövrdə dünyada müstəmləkə siyasəti ilə məşğul olan ölkələrin mövcud olduğunu söyləyən Ombudsman bu siyasəti həyata keçirən Fransa kimi dövlətlərin uzun illərdir beynəlxalq hüququn ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirdiyini və insan hüquqlarını kobud şəkildə pozmaqda davam etdiyini söyləyib.

Afrikada, Yaxın və Uzaq Şərqdə həyata keçirilən neokolonializm siyasətindən danışan Müvəkkil milyonlarla günahsız insanın yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq kimi əsas insan hüquqlarının kobud şəkildə pozulduğunu bildirib.

S.Əliyeva Fransa müstəmləkəçiliyinə qarşı mübarizə məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradılmasının sözügedən problemlərdən əziyyət çəkən xalqların pozulmuş hüquqlarının bərpası istiqamətində təşəbbüslərin artırılması baxımından əhəmiyyətni vurğulayıb.

Dünya ictimaiyyətinin insan hüquqlarının kütləvi pozulması hallarına biganə qaldığını qeyd edən Ombudsman Azərbaycanın da ikili standartlardan əziyyət çəkən ölkələrdən biri olduğunu diqqətə çatdırıb.

Səbinə Əliyeva Ermənistanın uzun illər boyu azərbaycanlılara qarşı həyata keçirdiyi kəskin nifrət, etnik təmizləmə və deportasiya siyasətindən bəhs edib, dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin, soyqırımı aktlarının törədildiyini qeyd edib. Ombudsman ölkəmizin 30 ilə yaxın müddətdə işğal altında saxlanılmış və Vətən müharibəsi nəticəsində azad olunmuş ərazilərində aşkar edilən kütləvi məzarlıqların, əksər şəhər və kəndlərin, tarixi, mədəni, dini abidələrin dağıdılması, bir çox flora və fauna növlərinin məhv olunması faktlarının bunu bir daha sübut etdiyini bildirib.

Müvəkkil Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq, terror və etnik zəmində nifrət siyasətini açıq şəkildə dəstəkləyən Fransanın son zamanlar ölkəmizin əleyhinə qərəzli və qəbuledilməz siyasətini daha da gücləndirdiyini qeyd edib. Bölgədə nüfuz sahibinə çevrilmək üçün həyata keçirilən bu siyasətin iki qonşu xalq arasında düşmənçilik hissələrinin alovlanmasına, regionda dayanıqlı sülh quruculuğu prosesinə təhdid törətməyə xidmət etdiyi diqqətə çatdırılıb.

Sonda Ombudsman beynəlxalq ictimaiyyəti fundamental insan hüquqlarının pozulması ilə nəticələnən müstəmləkəçilik siyasətinin qarşısının alınması, xalqların azad, müstəqil, sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin olunması istiqamətində təsirli tədbirlər görməyə, eləcə də Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb.