Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Beynəlxalq Miqrant Gününə həsr edilmiş konfrans keçirilib

18-12-2018 215 dəfə oxunub
Beynəlxalq Miqrant Gününə həsr edilmiş konfrans keçirilib

1990-cı il dekabrın 18-dә BMT Baş Mәclisi tәrәfindәn qәbul edilmiş “Bütün әmәkçi miqrantların vә onların ailә üzvlәrinin hüquqlarının müdafiәsi haqqında” Konvensiyası Azәrbaycan Respublikası Milli Mәclisinin 1998­-ci il 11 dekabr tarixli Qanunu ilә ratifikasiya olunmuşdur. 2000­-ci ildәn etibarәn isə dekabrın 18-­i dünyada Beynәlxalq Miqrant Günü kimi qeyd olunur.

Bununla əlaqədar Azәrbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Dövlәt Miqrasiya Xidmәti və Beynәlxalq Miqrasiya Tәşkilatının (BMqT) ölkə nümayәndәliyinin birgә tәşkilatçılığı ilә həmin günə həsr edilmiş tədbir keçirilib.

Konfransda Ombudsman Elmira Süleymanova, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai, BMqT-nin ölkəmizdəki nümayəndəliyinin rəhbər əvəzi Meltem Ersan çıxış edərək, ictimaiyyətin diqqәtinin miqrasiya məsələlərinə yönәldilmәsi, bu istiqamətdə cəmiyyətin hər bir üzvünün maraqlarına cavab vərən çevik mexanizmlərin yaradılmasına təkan vərəcək ”Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə Qlobal Kompakt”ın həyata keçirilməsində kütləviliyin vacibliyini vurğulamışlar. 

Tədbirdə dövlət qurumları, qeyri-kökümət təşkilatları və KİV-in nümayəndələri ilə yanaşı Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes, habelə digər beynəlxalq təşkilatların və xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri  iştirak etmişlər.

Müvəkkil məruzəsində 2018-ci ilin həm milli, həm də beynəlxalq əlamətdar tarixlərlə zəngin olduğunu, belə ki Şərqdə ilk Parlamentli dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyini, dəyərli qərarları sırasında ayrı-seçkiliyin yolverilməzliyi, hüquq bərabərliyi, bir çox dövlətlərdən əvvəl qadınlara kişilərlə bərabər seçmək və seçilmək hüququnun verildiyini, habelə ölkəmizdə bütün xalqların sərbəst inkişafına şərait yaradılmasının bəyan edildiyini bildirmişdir. O, hər bir insanın eyni hüquqlara malik olması fikrinə əsaslanan və BMT-nin insan hüquqları sahəsində ilk və təməl sənədi olan, bu il bütün dünyada 70 illiyini qeyd edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin  bütün insanların hüquqlarının bərabər imkanlar əsasında beynəlxalq səviyyədə tanınmasına və təşviqinə yönəldildiyini, bu prinsipin bir çox Konvensiyalarda, o cümlədən Bütün əməkçi miqrantarın və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Konvensiyada da təsbit olunduğunu qeyd etmişdir.

BMT-nin Baş katibinin Beynəlxalq Miqrant Günü ərəfəsindəki “Gəlin Qlobal Kompaktın bizə göstədiyi yolu seçməklə miqrasiya məsələlərinə hamını cəlb edək” çağırışının Dayanıqlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqinə yönəldildiyini qeyd edən Müvəkkil ölkəmizdə bu çağırışa uyğun insanlara qarşı hörmət, onların təhlükəsizliyinin qorunması, fiziki, intellektual və əmək potensiallarından səmərəli istifadə, vətəndaşsızlıq və sənədsiz yaşama hallarının qarşısının alınması üzrə preventiv tədbirlərin artırıldığını bildirmişdir.

Qeyd edilmişdir ki, dünyanın zəngin, bəziləri özlərini demokratiyanın beşiyi bəyan etdiyi dövlətlərdə son illərdə intensivləşmiş miqrant axınlarına qarşı BMT-nin qərarlarına və beynəlxalq hüquqa zidd olaraq qəddar, açıq nifrət, qeyri-insani rəftar, əzab və işgəncələr, islamofobiya və ksenofobiya tüğyan etdiyi halda, 30 ildən çox davam edən qonşu Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün əhalisi olmasına baxmayaraq, iqtisadi inkişafına və sabitliyinə, tolerantlıq və multikulturalizm ənənələri ilə cəlbedici olan Azərbaycanda daha çox qonşu ölkələrdən miqrantlar daxil olur və həm beynəlxalq normalara, həm öz öhdəliklərinə uyğun olaraq, ölkəmizdə miqrantlar üçün münbit şərait yaradılır, normativ-hüquqi aktlar təkmilləşir, onlara göstərilən xidmətlərin keyfiyyəti davamlı olaraq artırılır.

O, ölkə Müvəkkilinin miqrantların hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vərərək, bildirmişdir ki, bu əhali qrupunun vəziyyəti, problemləri və müraciətləri araşdırılaraq təhlil edilir, əldə edilmiş nəticələr üzrə qanunvericliyin təkmilləşdirilməsi, bu sahədə əhaliyə göstərilən xidmətlərin və məlumat bazasının keyfiyyət səviyyəsinin artırılması, dövlət siyasətinin ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunlaşdırılması ilə əlaqədar aidiyyəti dövlət qurumlarına təkliflər ünvanlanır. Bununla yanaşı, qeyd edilmişdir ki, sığınacaq və miqrasiya məsələlərinə cəlb olunan dövlət qulluqçularının bilik və bacarıqlarının, o cümlədən peşəkarlıq səviyyəsinin daha da inkişaf etdirilməsi məqsədilə kurslar və treninqlər təşkil olunur, orta və ali təhsil müəssisələrində davamlı məlumatlandırma işi aparılır. 

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərinə mütəmadi baxışlar keçirildiyi, orada saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi yardım alması, saxlanılma şəraiti, onlara qarşı rəftarın öyrənildiyi, həmin şəxslərə Müvəkkilin səlahiyyətləri çərçivəsində mümkün köməklik göstərildiyi bildirilmişdir.

Xüsusi qeyd edilmişdir ki, Ombudsman olaraq ölkə daxilində olan miqrantlarla yanaşı ölkədən gedən Azərbaycan Respublikası vətəndaşları ilə də müntəzəm iş aparılır, bu məqsədlə həm Dövlət Miqrasiya Xidməti, həm də xarici dövlətlərin ombudsmanları ilə, o cümlədən həmin ölkələrin Azərbaycandakı və ölkəmizin xarici dövlətlərdə diplomatik nümayəndəlikləri ilə yaradılmış əməkdaşlıq əlaqələri inkişaf etdirilir. 15 xarici ölkələrin Ombudsmanları ilə imzalanmış ikitərəfli müqavilələr əsasında xarici ölkələrdə, xüsusilə Rusiya Federasiyasında yaşayan və işləyən soydaşlarımızın üzləşdikləri problemlərin həlli və qanuni miqrasiyanın təbliği məqsədilə mütəmadi olaraq yerlərdə görüşlər keçirilir, qeyri-müəyyən vəziyyətdə yaşayan şəxslərin statusları müəyyən edilir, bu istiqamətdə mütəmadi birgə tədbirlər görülür. Bu əməkdaşlıq sayəsində təsisatların Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrin ərazilərində, həmin ölkələrin vətəndaşlarının isə ölkəmizdə hüquqlarının pozulması halları ilə əlaqədar məlumatlandırma prosesi sürətləndirilir, pozulmuş hüquqların bərpasında daha effektiv nəticələr əldə olunur.  Bu tədbirlərin nəticəsi olaraq vətəndaşlarımızın əmək fəaliyyətinin leqallaşdırılmasına yardım göstərilir, miqrasiya qaydalarının və ona müvafiq normativ-hüquqi aktlarının liberallaşdırılması ilə bağlı təkliflər irəli sürülür, statuslarını rəsmiləşdirmək üçün qeyri-leqal miqrantlara daha çox vaxt verilir, hər bir miqranta fərdi yanaşmaqla, şəxsi və ailə vəziyyətləri nəzərə alınır, beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərindən olan “ailə birləşməsi” və digər normaları rəhbər tutulur, inzibati qaydada ölkədən çıxarılan şəxslərə qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsi prosesi daha çevik həyata keçirilir, çıxarmazdan əvvəl şəxsə vaxtında xəbərdar edilməsi, deportasiya və ya ölkədən məcburi çıxarılma zamanı zorakılıq hallarının qarşısı alınır, bu halların aradan qaldırılmasına xidmət edən əhatəli, ardıcıl və sistemli maarifləndirmə tədbirləri davam etdirilir.

Müvəkkil İnsan Hüquqları üzrə Ali Komissarının “Hər bir kəsin insan hüquqlarının müdafiəsinə qalx” çağırışına cavab olaraq miqrasiya prosesləri iştirakçılarının hüquqlarının təmini, onların cəmiyyətə inteqrasiya olması üçün praktiki tədbirlərin vaxtlı-vaxtında və yüksək səviyyədə həyata keçirilməsinə beynəlxalq təşkilatlarla yanaşı vətəndaş cəmiyyəti üzvlərinin də dəstəyinin vacibliyini xüsusi qeyd etmişdir. 

E.Süleymanova xüsusi vurğulamışdır ki, Qlobal Kompakt və hazırlanmaqda olan “Azərbaycan Respublikasının 2019-2024-cü illər üçün Milli Miqrasiya Strategiyası” miqrantların hüquqlarının səmərəli müdafiəsi və bu sahədə inkişafa dair gələcək fəaliyyət üzrə vətəndaş cəmiyyəti üzvlərinin dövlət qurumları ilə əməkdaşlığı üçün yol xəritəsi olacaqdır. Bununla bağlı birgə tədbirlərin planlaşdırılması məqsədilə yaxın zamanda müzakirələrin təşkil edilməsinin zəruriliyi bildirilmişdir.

Ombudsman qaçqın və məcburi köçkünlərlə bağlı Azərbaycan siyasəti və təcrübəsi kimi, miqrantlara da yanaşmada dünya tərəfindən müsbət təcrübə, örnək kimi tanınması üçün birgə səylərin gücləndirilməsini təklif etmişdir.

Tədbirin sonunda miqrasiya ilə bağlı qısametrajlı videoçarx nümayiş etdirilib,  yekunlaşma üzrə olan “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinə aid təqdimatlar dinlənilib.