Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Moldovada beynəlxalq konfransın iştirakçılarını Ermənistanın sosial mediada apardığı mənfi təbliğat kampaniyası barədə məlumatlandırıb

27-09-2023 286 dəfə oxunub
Ombudsman Moldovada beynəlxalq konfransın iştirakçılarını Ermənistanın sosial mediada apardığı mənfi təbliğat kampaniyası barədə məlumatlandırıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Moldovanın Xalq Müdafiəçisi (Ombudsman) Aparatının 25-ci ildönümünə həsr olunmuş “Müasir cəmiyyətlərdə mövcud olan yeni çağırışlar kontekstində insan hüquqlarının müdafiəsi və təbliği” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Xarici ölkələrin ombudsmanlarının iştirak etdiyi tədbirdə “İnsan hüquqları və bərabərlik üzrə maarifləndirmə və təşviq dezinformasiya və propaqanda ilə mübarizə vasitəsi kimi” mövzusunda çıxışı zamanı Müvəkkil əhalinin müxtəlif qruplarının hüquqlarının təmini və təbliği istiqamətində fəaliyyəti barədə ətraflı məlumat verib.

S.Əliyeva Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılığının artırılmasında, milli qanunvericiliyin təkmilləşdirilməsi prosesində fəal iştirak etdiyini bildirib.

Müvəkkil “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən, ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi üzrə həyata keçirilən islahatlardan bəhs edib.

Azərbaycanın regionda, eləcə də bütün dünyada dezinformasiyadan və propaqandadan ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu vurğulayan Ombudsman Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən uzun illər aparılan nifrət siyasətinin sülhə ciddi təhdid yaratdığını və insan hüquqlarının pozulmasına səbəb olduğunu qeyd edib. Müvəkkil Azərbaycana qarşı etnik nifrət zəminində aparılan siyasətinin nəticəsi olaraq Ermənistan hakimiyyətinin sosial mediada davamlı şəkildə xalqlar arasında düşmənçilik hissi aşılayan mənfi təbliğat kampaniyası apardığını diqqətə çatdırıb.

S.Əliyeva Ombudsman təsisatı tərəfindən Ermənistanın azərbaycanlılara qarşı etnik zəmində nifrəti təbliğ edən siyasətinin qarşısının alınması üçün tədbirlərin görülməsi ilə bağlı dəfələrlə beynəlxalq qurumlara çağırışlar edildiyini, müvafiq beynəlxalq təşkilatlara, aidiyyəti qurumlara, xarici ölkələrin ombudsmanlarına, milli insan hüquqları təsisatlarına hesabat, müraciət və bəyanatların göndərildiyini bildirib.