Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə baxışlar keçiriblər

17-12-2018 219 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə baxışlar keçiriblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.

Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə plan üzrə baxışlar keçiriblər.

Baxışların məqsədi hərbi qulluqçuların və kursantların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin tədris müəssisələrində insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Aparatın əməkdaşları tərəfindən Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində kursantların asudə vaxtının səmərəli təşkili ilə bağlı idman, rəqs, rəsm, özfəaliyyət növlərində dərnəklərin fəaliyyət göstərməsi xüsusi olaraq müsbət qiymətləndirilib.

Ombudsman Aparatının əməkdaşları kursantlarla insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin, habelə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi, bununla və Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar möhtəşəm hərbi paradların keçirilməsi ilə bağlı söhbətlər aparıb, çoxsaylı sualları cavablandırıblar. Respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin hərbi təhsil, psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyəti vurğulanıb.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün tədris müəssisələrinin rəislərinə müvafiq tövsiyələr verilib.

Tədbirlərin keçirilməsi razılıqla qarşılanıb.