Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

14-12-2018 204 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquq-mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələri, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıq əlaqələri davam etdirilir.

Ədliyyə Akademiyası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində icbari təlim kurslarının proqramına insan hüquqları, habelə Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti ilə bağlı mövzular da daxil edilmişdir. 

Bu baxımdan növbəti tədris mövzusu “Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində cəzaçəkmə müəssisələrinin Tibb sanitar hissələrində həyata keçirilən başçəkmələr: milli və beynəlxalq standarlar” mövzusunda olmuşdur. Mövzu Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə tərəfindən Ədliyyə Nazirliyinin Tibb xidmətinə qulluğa yeni qəbul edilmiş əməkdaşlara tədris olunmuşdur. 

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Ombudsmanının Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən baxışlar, verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair məlumatlar da milli, xarici ölkə və beynəlxalq təşkilatların təcrübəsindən misallar gətirməklə dinləyicilərin diqqətinə çatdırılmışdır.

Bunlarla yanaşı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sənədi olan, pis rəftar növlərinin və cəzaların tətbiqinin effektiv tədqiq edilməsi ilə bağlı “İstanbul Protokolu”, SPT tövsiyələri və CPT-nin ümumi məruzələrində yer almış standartları, habelə əlaqəli şəkildə milli qanunvericilik aktları tədris olunmuşdur.

Dinləyicilərə Ombudsmanın təşəbbüsləri və təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyində həyata keçirilən islahatlar, Müvəkkilin  insan hüquqlarının müdafiəsi və Milli Preventiv Mexanizm qismində fəaliyyəti, beynəlxalq standartlar əsasında rəftar məsələləri və saxlanma şəraitinin araşdırılmasında göstərdiyi yanaşmalar haqqında geniş məlumat verilmişdir.

Ölkə Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, o cümlədən MPM qismində fəaliyyəti dinləyicilər tərəfindən maraqla qarşılanmış, onların çoxsaylı sualları ətraflı cavablandırılmışdır.