Xəbər verildiyi kimi, Ombudsmanın Milli Preventiv Mexasnizm fəaliyyəti çərçivəsində İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrup (MPQ) tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr həyata keçirilməklə, həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili üzrə araşdırmalar aparılır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı əsasında növbəti başçəkmə MPQ-nin üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində həyata keçirilmişdir.
BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin tibbi-sanitar hissəsinə, yataqxana korpuslarına, cərimə təcridxanasına, görüş yerlərinə, yeməkxanaya və digər obyektlərə baxışlar keçirilmiş, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılmışdır.
Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ-nin üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkum fərdi qəbul olunmuş, müraciətlərinə baxılmış, o cümlədən Əfqan Muxtarlı, Fuad Əhmədli və Asif Yusifov da konfidensial qaydada dinlənilmiş, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılmışdır.
Qəbul olunanlar müəssisədəki sıxlıqdan, bəziləri isə yemək təminatı, tibbi yardım, telefon danışığı ilə bağlı narazılıqlarını bildirmişlər
Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Avropa Penitensiar Qaydalarına müvafiq şəkildə saxlanılma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tövsiyələr verilmişdir.
Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaqdır.