Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrup tərəfindən başçəkmələr davam etdirilir

23-11-2018 163 dəfə oxunub
Milli Preventiv Qrup tərəfindən başçəkmələr davam etdirilir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrup (MPQ) tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr həyata keçirilməklə, həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili üzrə araşdırmalar aparılır.

Bu fəaliyyət çərçivəsində MPQ-nin üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında həyata keçirilmişdir.

BMT-nin “Psixi xəstələrin müdafiəsi və psixiatriya yardımının yaxşılaşdırılması prinsipləri”, Ruhi xəstələrin saxlanılma şəraitinə və onlara qarşı rəftara dair Avropa Minimum Standartları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu, “Psixiatriya yardımı haqqında” Qanunun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, hospitallaşdırılmış pasiyentlərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin palata və korpuslarına, görüş yerlərinə, yeməkxanaya və digər obyektlərə baxışlar keçirilmiş, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılmışdır. Başçəkmə zamanı barələrində məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər seçilmiş pasiyentlərin bir neçə palatasında sıxlığın olduğu müşahidə edilmişdir.

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində əvvəlki tövsiyələri də nəzərə alınmaqla müəssisədə istilik sisteminin işlədiyi, temperaturun və şöbələrdə şəraitin qənaətbəxş olduğu müşahidə olunmuşdur.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisənin müvafiq şöbələrində pasiyentlər konfidensial qaydada dinlənilmiş, hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər, sənədləşmə yerində araşdırılmış, habelə onların tibbi yardımla bağlı bir sıra müraciətləri yerində təmin edilmişdir. Fərdi qəbul zamanı pasiyentlər barələrində verilən rəylərdən və məhkəmə icraatından şikayətlənmiş, qaldırdıqları məsələlərlə bağlı hər birinə hüquqi məsləhətlər verilmişdir.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən BMT-nin “Psixi xəstələrin müdafiəsi və psixiatriya yardımının yaxşılaşdırılması prinsiplərinə”, Ruhi xəstələrin saxlanılma şəraitinə və onlara qarşı rəftara dair Avropa Minimum Standartlarına müvafiq şəkildə saxlanılma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı bəzi çatışmazlıqların, habelə yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı müvafiq tövsiyələr verilmişdir.