Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsman Təsisatı Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin Sığınacaq və Miqrasiya məsələləri üzrə İşçi Qrupuna üzv seçilib

19-11-2018 10438 dəfə oxunub
Azərbaycan Ombudsman Təsisatı Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin Sığınacaq və Miqrasiya məsələləri üzrə İşçi Qrupuna üzv seçilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları, UNESCO, Avropa İttifaqı (Aİ), Avropa Şurası (AŞ), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı (GANHRI), Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsi (ENNHRI), İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi (CPT), Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Avropa Uşaq Ombudsmanları Şəbəkəsi (ENOC), Beynəlxalq Ombudsmanlar İnstitutu (BOİ), Avropa Ombudsmanlar İnstitutu (AOİ), Asiya Ombudsmanlar Assosiasiyası (AOA), İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ombudsmanlar Assosiasiyası (İƏTOA) ilə əməkdaşlığını davam etdirir.

Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova ENNHRI-nin 2018-2021-ci illər üçün Strateji Planına uyğun olaraq yaradılmış Sığınacaq və Miqrasiya məsələləri üzrə İşçi Qrupunun 13-14 noyabr 2018-ci il tarixlərində Brüssel şəhərində təşkil olunmuş ilk iclasında iştirak edib. Tədbirdə digər Avropa ölkələrinin ombudsmanlarının nümayəndələri (Almaniya, Fransa, Yunanıstan, Xorvatiya, Gürcüstan, Moldova, Ukrayna və digər ölkələr) iştirak edib, gələcək fəaliyyət perspektivləri müzakirə olunub.       

T.Cahangirova iclasın proqramına uyğun olaraq mövzular üzrə müzakirələrdə fəal iştirak edib, qanunvericiliyin təkmilləşdirilməsinə dair ölkəmizdə həyata keçirilən sistemli tədbirlər barədə iştirakçılara məlumat verib. O, ölkəmizdə Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edildiyini vurğulayıb. 

Sektor müdiri Müvəkkil tərəfindən miqrantların hüquqlarının təmini və təşviqi, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə regionlarda keçirilən tədbirlər,  ölkə təcrübəsi, təsisatda bu sahədə görülən işlər barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Müvəkkilin nümayəndəsi qeyd edib ki, ölkə Ombudsmanı ilə xarici ombudsmanlarla, o cümlədən həmin ölkələrin Azərbaycandakı və ölkəmizin xarici dövlətlərdə diplomatik nümayəndəlikləri ilə qurulmuş sıx əməkdaşlıq çərçivəsində fəaliyyət davam etdirilir, müzakirələr aparılır və görülmüş birgə tədbirlər nəticəsində əcnəbilərin əmək fəaliyyətinin leqallaşdırılmasına yardım göstərilib, miqrasiya qaydalarının və müvafiq normativ-hüquqi aktlarının liberallaşdırılması məsələsi qaldırılıb, statuslarını rəsmiləşdirmək üçün qeyri-leqal miqrantlara daha çox vaxt verilib, hər bir miqranta fərdi yanaşmaqla, şəxsi və ailə vəziyyətləri nəzərə alınıb, bu şəxslərə qarşı zorakılıq hallarının yolverilməzliyi təbliğ edilib, geniş izahat və maarifləndirmə tədbirləri keçirilib.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin MDB ölkələri sırasında miqrasiya sahəsində ilk Məcəllə olduğunu bildirən T.Cahangirova bu istiqamətdə qanunvericiliyinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi prosesində ölkə Ombudsmanının da fəal iştirak etdiyini, bu qəbildən olan şəxslərin vəziyyətinin monitorinqi və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti və digər əlaqədar dövlət qurumları ilə işgüzar əlaqələrin genişləndirildiyini, ümumilikdə isə fəaliyyəti dövrü ərzində Azərbaycan Ombudsmanı tərəfindən müvafiq qurumlara ünvanlamış 600-dək təklifdən 60 faizdən çoxunun təmin olunduğunu və ya icraya yönəldildiyini qeyd edib.

 Bundan başqa, bildirilib ki, ölkə Ombudsmanı ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəlikləri ilə birgə icra edilən layihələr çərçivəsində ölkəmizdəki məcburi köçkünlərin, qaçqınların, əcnəbi, vətəndaşlığı olmayan və sığınacaq axtaran şəxslərin hüquqlarının milli və beynəlxalq qanunvericiliyə uyğun təmini və təşviqi, bu istiqamətdə potensialların gücləndirilməsi, eləcə də Avropa standartlarına uyğun sığınacaq sisteminin inkişaf etdirilməsi, əhalinin bu həssas qruplarının insan hüquqlarına dair mühüm mövzular üzrə maarifləndirilməsi, vətəndaşsızlıq hallarının qarşısının alınması və digər sahələrdə keçirilən əhatəli tədbirlər zamanı hədəf qruplarına yönələn və bir neçə əcnəbi dildə hazırlanan hüquqi nəşrlərin yayılması təmin edilir, habelə bu prosesə dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunur. 

Bununla yanaşı, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və hazırda icra edilən “Şərqi Avropada və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü” (ŞACQKT) və “Azərbaycanda Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə Potensiallarin Gücləndirilməsi” layihələri çərçivəsində Ombudsmanın Regional Mərkəzləri də cəlb edilməklə respublikanın müxtəlif bölgələrində məhkəmə, hüquq-mühafizə, gömrük və sərhəd xidməti orqanlarının əməkdaşlarının iştirakı ilə müntəzəm treninq və seminarlar davam etdirilir.

T.Cahangirova bu sahədə koordinasiya və informasiya mübadiləsinin önəmini, həmçinin  qeyri-leqal miqrasiyanın hər bir ölkənin təhlükəsizliyinə birbaşa təsir etməsini nəzərə alaraq, ölkə ərazisinə daxil olan əcnəbilərə sərhəd idarəçiliyi və immiqrasiya sahəsində mövcud beynəlxalq standartlara uyğun göstərilən xidmətlərin keyfiyyətinin artırılması, sığınacaqla bağlı müraciətin hər birinin hərtərəfli araşdırılıb istiqamətləndirilməsi, sərhəd-keçid məntəqələrində operativliyin təmin edilməsi məqsədilə birgə sistemli tədbirlər planının işlənib hazırlanmasını təklif edib.

O, miqrasiya üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, bu sahədə idarəetmənin gücləndirilməsinin və təkmil miqrasiya idarəçiliyi üçün vahid cəmiyyət yanaşmasının təşviqi, təhlükəsiz və tənzimlənən miqrasiya üzrə Qlobal Kompakt sənədinin tətbiqi, o cümlədən hazırda ölkəmizdə miqrasiya üzrə 2019-2024-cü illər üzrə hazırlanan Milli Strategiya ilə bağlı təşkil edilən müzakirələrdə Müvəkkilin də fəal iştirak etdiyini xüsusi vurğulayıb. 

Tədbir çərçivəsində həmin İşçi qrupun sədri və üzvləri seçilib, Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova həmin Qrupun tərkibinə daxil edilib.