Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Rusiya Federasiyasının Saratov şəhərinə rəsmi səfər edib

21-09-2018 164 dəfə oxunub
Ombudsman Rusiya Federasiyasının Saratov şəhərinə rəsmi səfər edib

İnsan hüquqları, sülh mədəniyyətinin təbliği, əhalinin hüquq mədəniyyətinin inkişafı demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən ən mühüm amillərdəndir.

Məhz İkinci Dünya müharibəsindən sonra sülhsevər dövlətlərin təşəbbüsü ilə yaradımış yeni universal beynəlxalq sülh təşkilatı olan BMT sülh və inkişafı öz prioritetləri kimi bəyan etmiş, insanların hüquqlarının qorunması, ayrı-seçkiliyə məruz qalmaması təməl sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əks etdirilmiş, lakin onun prinsiplərinin gerçəkləşməsinin təmin olunması tam şəkildə həyata keçirilmədiyinə görə dünya birliyi tərəfindən bu qurumun islahatlara ehtiyacı olduğu səsləndirilir.

Belə ki, hazırda dünyanın 60-dan çox ölkəsində silahlı münaqişələr və müharibələr hələ də davam edir, nəticədə milyonlarla insan öz torpaqlarından didərgin salınır, bu daha da həssas olan insanların, xüsusilə uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin kütləvi şəkildə ölümünə səbəb olur, sosial gərginlik yaradılır. Eyni zamanda, belə humanitar fəlakət nəticəsində milli iqtisadi sistemlər faktiki olaraq sıradan çıxır, nəticədə vəziyyət gərginləşir.

Bundan başqa, BMT-nin “Xalqların sülh hüququna dair” Bəyannaməsində sülh hüququna xüsusi status verilmiş və bu hüquq heç bir ayrı-seçkiliyə yol verilmədən insanların müqəddəs hüququ kimi bəyan edilmişdir.

Təsadüfi deyil ki, İnsan Hüquqları üzrə Ali Komissarının BMT-nin adı çəkilən Bəyannaməsinin qəbul olunmasının 70 illiyinə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsinə qalx” devizi ilə həyata keçirilən qlobal kampaniya hüquq bərabərliyi, təhlükəsizlik, ayrı-seçkiliyə yolverilməzlik, iştirakçılıq, əməkdaşlığın inkişafından ibarətdir. Hər bir insanın eyni hüquqlara malik olması fikrinə əsaslanan bu təməl sənədi bütün insanların hüquqlarının bərabər imkanlar əsasında beynəlxalq səviyyədə tanınmasına və təşviqinə yönəldilmiş, daha sonra isə bu prinsip bir çox Konvensiyalarda təsbit edilmişdir. Qeyd olunan çağırışa uyğun hüquq bərabərliyinin təmin olunması, hər bir sahə üçün prioritet olan insan hüquqlarının və hüquq bərabərliyinin pozulmasına ən böyük təhlükələr törədən müharibə və hərbi münaqişələr, ksenofobiya və islamofobiya ilə mübarizənin gücləndirilməsi məqsədilə ölkələrarası əlaqələrin genişləndirilməsi olduqca vacibdir. 

Məlum olduğu kimi, Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatların özəyində ərazi bütövlüyü prinsiplərinə sadiqlik, terrorçuluğun bütün təzahürlərinə qarşı barışmazlıq, dinlərarası dialoqun, multikulturalizmin inkişafı sahəsində tədbirlərin gücləndirilməsi, insan hüquq və azadlıqlarına hörmət kimi sülhsevər prinsiplər durur. 2015-ci ildə təsdiqlənmiş BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində öz əksini tapmış 16-cı məqsəd də məhz dayanıqlı inkişaf üçün sülhsevər və açıq cəmiyyəti təşviq etmək, hamı üçün ədaləti təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və geniş iştiraka əsaslanan təsisatlar yaratmaqdan ibarətdir. Ölkə Ombudsmanı tərəfindən davamlı olaraq keçirilən hüquqi maarifləndirmə tədbirlərində əhalinin sülh mədəniyyəti təhsilinə yiyələnməsinə, mədəniyyətlərarası, dinlərarası dialoqun qurulmasına diqqətin artırılmasına, milli və dini tolerantlığın hökm sürdüyü ölkəmizdə hər bir vətəndaşa sülh mədəniyyətinin aşılanmasına həm milli, həm də beynəlxalq səviyyədə səylər göstərilir, Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması, beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsi üçün zəruri addımlar atılır.

BMT Baş Assambleyasının 1981-ci ildə qəbul etdiyi qətnaməsi ilə Beynəlxalq Sülh Günü təsis edilmiş, 2001-ci ildən isə həmin 21 sentyabr tarixi bütün dünyada qeyri-zorakılıq və atəşkəs günü kimi qeyd olunur və bütün dövlətləri həmin gün və gələcəkdə hər hansı bir hərbi əməliyyat aparmaqdan çəkinməyə çağırır. Cari il üçün Beynəlxalq Sülh Gününün mövzusunu “Sülh hüququ: Ümumdünya İnsan hüquqları Bəyannaməsi - 70” təşkil edir.

Bir qayda olaraq, Beynəlxalq Sülh Günü ərəfəsində bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilir. 17-18 sentyabr tarixlərində Rusiya Federasiyasının Saratov şəhərində “Şəhər günü”nə təsadüf etmiş və Rusiya Federasiyasının Saratov vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili institutunun yaranmasının 20 illiyinə həsr edilmiş “İnsan hüquqları dövlətin müasir inkişafının göstəricisidir” mövzusunda beynəlxalq elmi-praktiki konfrans təşkil olunub. Ümumilikdə 200 nəfərdən artıq iştirakçısı olan həmin tədbirə Rusiya Federasiyası subyektlərinin və xarici ölkələrin ombudsmanları, şəhər rəhbərliyi və digər dövlət orqanlarının əməkdaşları, BMT-nin İnsan Hüquqları Ali Komissarlığının, Avropa Şurasının və bir sıra digər beynəlxalq təşkilatların təmsilçiləri, o cümlədən konfransın keçirildiyi Saratov Dövlət Hüquq Akademiyasının və digər hüquq üzrə ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti, vətəndaş cəmiyyəti üzvləri və KİV nümayəndələri qatılıblar. 

Konfransın məqsədi müasir inkişaf modelinin strateji aspektləri və insan hüquqlarının təmini, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə kompleks təhlillər aparılılmaqla tövsiyələrin hazırlanması üzrə birgə müzakirələrin keçirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən ibarət olub.

Həmin tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova və təsisatın əməkdaşı Turan Cahangirova iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili və digər təşkilatçılar insan hüquqlarının hərtərəfli həyata keçirilməsi, həmçinin hüquqpozmaların qarşısının alınması və pozulmuş hüquqların bərpası məsələlərinin 193 ölkənin qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunduğunu qeyd ediblər.

Tədbirdə “Qərar qəbul etmədə bərabərlik və fəal iştirakçılıq hüquqi dövlətin əsas göstəriciləridir” adlı xüsusi məruzə ilə çıxış edən Müvəkkil Elmira Süleymanova Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin cari ayın əvvəllərində Soçi şəhərində baş tutmuş görüşünün nəticələrindən danışaraq,  beş Xəzəryanı dövlətlərin imzaladığı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın və 2024-cü ilədək əsas yönlərinin inkişafı üzrə fəaliyyət planından ibarət beş “yol xəritəsi” üzrə qəbul edilən memorandumun, həmçinin Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dəstəyinin iqtisadi, hümanitar, mədəni və bir çox digər sahələrdə əməkdaşlığın inkişafına əlverişli zəmin yaratdığını qeyd edib.

Ombudsman ölkəmizdə insan hüquqları ilə yanaşı bir çox digər sahələrdə aparılan islahatlar barədə məlumat verərək, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin təkmilləşdirilməsi nəticəsində ölkədə yoxsulluq və işsizlik səviyyəsinin azaldıldığı, bərabərlik, azadlıq və digər prinsiplər əsasında miqrantların hüquqlarının səmərəli təmin edilməsi üzrə mütərəqqi qanunvericilik bazasının yaradıldığı, habelə qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən sistemli və əhatəli tədbirlər nəticəsində onların çoxunun çadır düşərgələrindən müasir və tam infrastrukturla təmin olunmuş 98 qəsəbəyə köçürüldüyünü xüsusi vurğulayıb.

Müvəkkilin çıxışında 2006-cı ildə qəbul edilmiş Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının və 2011-ci ildə qəbul edilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının ölkəmizdə insan hüquqlarının daha səmərəli müdafiəsi və təmini üzrə yol xəritəsi  olduğu,  sözügedən Proqramın icrasının monitorinqi məqsədilə Ombudsmanın ölkənin şəhər və rayonlarında ictimai dinləmələrin keçirdiyi, həmin tədbirlər çərçivəsində, həmçinin şikayətçilərin təkbətək qəbul edildiyi, onların qaldırdıqları məsələlərin həlli üzrə tədbirlər görüldüyü, əldə edilən nəticələrin təhlil edilərək illik məruzələrdə və səlahiyyətli dövlət orqanlarına ünvanlanan tövsiyələrdə əks etdirildiyi vurğulanıb. 

E.Süleymanova bərabərlik və ayrı-seçkiliyə yolverilməzlik prinsipinin 100 il öncə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan edildiyini və müsəlman Şərqində ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçki hüququnun verilməsi ilə onların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsinə təkan verildiyini bildirib.

Müvəkkil həmçinin, təsisatın digər fəaliyyət istiqamətləri, müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsi, dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, hüquqi maarifləndirmə, beynəlxalq təşkilatlarla və xarici həmkarları ilə əməkdaşlıq əlaqələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, müasir dövrdə hüquqi dövlətin dinamik inkişafı və beynəlxalq normalara uyğunlaşdırılmasına nail olmaq üçün fəallıq, kütləvilik və ictimai iştirakçılıq prinsipləri əsasında uşaqlarda kiçik yaşlardan liderlik bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində fəaliyyət göstərən “Liderlik məktəbi”ndə müntəzəm olaraq təlimlər və vətənpərvərlik ruhunda digər tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Konfransda sülh mədəniyyətinin təbliği, sülh təşəbbüslərinin həyata keçirilməsi sahəsində əməkdaşlığın inkişafı məsələsinə xüsusilə toxunan E.Süleymanova Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə verdiyi böyük töhfələrdən söhbət açaraq, rəsmi statistikaya görə ümumilikdə sovet dövlətlərində 26,6 mln. insan itkisi ilə nəticələnən Böyük Vətən Müharibəsi dövründə Azərbaycan xalqının cəbhəyə yola saldığı 700 min oğul və qızının 300 mindən çoxunun döyüşlərdə həlak olduğunu, həmçinin müharibə dövründə Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsinin, aviasiya benzini və yüksək keyfiyyətli texniki yağların 85-90 faizinin Azərbaycan tərəfindən təmin olunduğunu, bunun da müharibədə dönüş yaratdığını bildirib. O, ölkəmizin faşizm üzərində Qələbə naminə bütün imkanlarını səfərbər etdiyini xüsusi vurğulayaraq, xalqımızın cəbhəyə 7 tondan çox donor qanı göndərdiyini, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçildiyini, həmçinin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin isə müxtəlif orden və medallarla təltif edildiyini, həmin qanlı müharibədə bütün qoşun növlərində, o cümlədən aviasiyada kişilərlə bərabər, qadınlarımızın da rəşadətlə döyüşdüyünü qeyd edib.

Müvəkkil yalnız müharibənin acısını yaşamış xalqların sülhün dəyərini bildiyini, belə ki artıq 30 ilə yaxındır ki, davam edən hərbi təcavüz nəticəsində ölkəmizin, xalqımızın yenidən silahlı münaqişənin ağır nəticələrindən əziyyət çəkdiyini, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən zəbt olunduğunu, on minlərlə günahsız insanın həyatına son qoyulduğunu, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün düşdüyünü, dünyada hər 135 nəfərdən birinin qaçqın olduğu halda, Azərbaycanda hər 8 nəfərdən birinin qaçqın və məcburi köçkün həyatı yaşadığını, onların insan hüquqlarının kütləvi şəkildə kobudcasına pozulduğunu və hələ də pozulmaqda davam etdiyini vurğulayıb. 

Qeyd olunmalıdır ki, Müvəkkil iştirak etdiyi bütün tədbirlərdə beynəlxalq ictimaiyyətin diqqətini bu problemlərə yönəldilməsi və insan hüquqlarının digər aspektləri üzrə BMT-nin nizamnamə qurumu olan İnsan Hüquqları Şurası ilə yanaşı, Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının iclaslarının müxtəlif sessiyalarında da Bəyanatlar vermişdir. Fəaliyyət dövrü ərzində ölkə Ombudsmanı beynəlxalq qurumlara Xocalı soyqırımına, 31 mart Azərbaycanlıların soqırımı gününə, 20 yanvar hadisəsinə həsr olunmuş və insan hüquqlarının müxtəlif sahələri ilə bağlı ümumilikdə 125-dən çox bəyanat ünvanlamışdır. Bunlardan bir qismi həmin Şuranın müvafiq tematik sessialarında səsləndirilərək qeydiyyatdan keçirilmiş və internet səhifəsində yerləşdirilmişdir.

Beləliklə, Müvəkkil qərar qəbul etmədə bərabərlik və fəal iştirakçılığın təmin edilməsində kütləvi şəkildə liderlik vərdişlərinin aşılaması, bunun üçün isə məqsədyönlü əhalinin bütün təbəqələrini əhatə etməklə hüquqi maarifləndirmənin təşkilinin zəruriliyini və bunun Azərbaycan Ombudsman institutunun fəaliyyətinin əsas prioritetini təşkil etdiyini bildirib.

Çıxışın yekununda Müvəkkil beynəlxalq təşkilatları insanlığa qarşı törədilən cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsinə, Azərbaycan xalqının ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ümumbəşər beynəlxalq norma və prinsiplərə uyğun olaraq sülh yolu ilə, tezliklə və ədalətli həll edilməsinə dəstək verməyə, sülhməramlı qüvvələri bu müharibə ocağında atəşkəsin, əmin-əmanlığın təmin olunmasa çağırıb, bununla da regionda dayanıqlı sülh, inkişaf və sabitliyin təmini istiqamətində qətiyyətli tədbirlər görülməklə əsaslı dönüşlərin yaradılmasına yeni imkanların yaradılacağını vurğulayıb. 

Müvəkkilin təqdimatında qeyd olunan məlumatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Konfranın gedişində müxtəlif məruzələr dinlənilib, iştirakçılar mövzu üzrə təcrübələrini bölüşüb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, habelə strateji hədəflər üzrə fikir mübadilələri aparılıb və yekun qətnamə qəbul edilib. 

Müvəkkil Saratov şəhərinə səfəri çərçivəsində digər iştirakçılarla birgə Saratov vilayətinin Engels şəhərində yerləşən ahıllar və əlilliyi olan şəxslər üçün internat evində və “Döyüş və əmək şöhrəti muzeyi”ndə olub, həmçinin Qələbə parkını ziyarət edərək “Juravli” memorial kompleksinin əbədi məşəli önünə Bakıdan gətirdiyi qızıl gül çələngini qoyaraq, Böyük Vətən müharibəsinin bütün şəhidlərinin xatirəsinə ehtiramını bildirib. 

Bundan başqa, səfər zamanı Müvəkkilin digər iştirakçılarla birgə Saratov vilayətində yaşayan azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin üzvləri, “Vətən” Azərbaycan cəmiyyətinin və diasporamızın digər fəalları ilə rəsmi görüş təşkil edilib, Azərbaycan tarixinin, mədəniyyətinin, adət və ənənəsinin qorunub saxlanması və təbliği, o cümlədən birgə əməkdaşlıq perspektivləri müzakirə olunub, həmçinin Qələbə Parkında inşa edilmiş “Qız qalası” və ayrı-ayrı xalqlara məxsus digər tarixi abidələr ziyarət edilib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının və Saratov vilayətinin İnsan Hüquqları üzrə Müvəkkillərinin yeni prioritetlər və çağırışlara cavab verən ikitərəfli əməkdaşlıq sazişinin imzalanması üzrə razılıq əldə olunub.