Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İstanbulda keçirilmiş “İslamofobiya: insan hüquqlarının pozulması və irqçiliyin müasir formada nümayiş etdirilməsi” mövzusunda beynəlxalq seminarda Ombudsman Aparatının rəhbəri iştirak edib

23-10-2018 206 dəfə oxunub
İstanbulda keçirilmiş “İslamofobiya: insan hüquqlarının pozulması və irqçiliyin müasir formada nümayiş etdirilməsi” mövzusunda beynəlxalq seminarda Ombudsman Aparatının rəhbəri iştirak edib

17-18 oktyabr 2018-ci il tarixlərində İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının Türkiyə hökuməti ilə birgə  təşkilatçılığı ilə “İslamofobiya: insan hüquqlarının pozulması və irqçiliyin müasir formada nümayiş etdirilməsi” mövzusunda beynəlxalq seminar keçirilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri Aydın Səfixanlı həmin tədbirdə iştirak edib.

Tədbirə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi, BMT-nin Dini etiqad azadlığı üzrə xüsusi məruzəçisi, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvləri, Türkiyə cümhuriyyətinin Ədliyyə naziri, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və Milli İnsan Hüquqları İnstitutlarının nümayəndələri, insan hüquqları sahəsində tanınmış ekspertlər, alimlər qatılıblar.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “İslamofobiya: insan hüquqlarının pozulması və irqçiliyin müasir formada nümayiş etdirilməsi” mövzusunda keçirilən Plenar sessiyada çıxış edərək Azərbaycan Respublikasının çoxmillətli və çoxdinli bir ölkə olduğunu, bu ölkənin milli siyasətinin müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş vermədiyini, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olduğunu qeyd edib.

Çıxışda həmçinin Azərbaycan dövlətinin əsas məqsədinin fərdlərin irqindən, inancından, etnik mənsubiyyətindən və digər hallardan asılı olmayaraq öz hüquq və vəzifələrindən eyni dərəcədə faydalandığı mühitin yaradılmasından ibarət olduğu, Azərbaycan Respublikası Konstitusiyasına əsasən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyi diqqətə çatdırılıb.

Azərbaycanda multikulturazlizmin və tolerantlığın ölkənin həyat qaydasına çevrildiyi bildirilib.

Bəzi Qərb ölkələrində İslam dininə tapınan və ya sadəcə olaraq İslam ölkələrinə aid olan insanlara qarşı qərəzli münasibətin mövcudluğu, bu münasibətin adi məişət səviyyəsindən çıxaraq ictimai rəydə və ictimai həyatda geniş yer almaqda olduğu, onların qidalanmasına, təhsilinə maneələr yaradıldığı, bəzi ölkələrdə məscidlərə qarşı vandalizm, qadınların geyimlərinə müdaxilə, mənəvi-psixoloji təzyiq və təsir, hicabdan istifadə ilə bağlı hüquqların məhdudlaşdırıldığı, mediada müsəlman dəyərlərinə və müsəlman dünyasına qarşı qərəzli ictimai rəyin yaradılması, İslamın müqəddəs kitabına qarşı yandırılma ilə şantaj kampaniyalarının mövcudluğu diqqətə çatdırılaraq, bu kimi hüquqa zidd halların aradan qaldırlması istiqamətində birgə tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

A.Səfixanlı Azərbaycana münasibətdə də islamofobiya meylləri sərgiləndiyini, bu meyllərin xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində açıq-aydın hiss olunduğunu, Ermənistanın işğalı nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal edildiyini, bir milyondan artıq soydaşımızın etnik təmizləmə siyasəti nəticəsində öz yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrildiyini, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı kifayət qədər hüquqi əsasların olmasına baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin bu günədək azad edilmədiyini, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində qətiyyətli addımların atılmadığını, məsələyə ikili standartlar çərçivəsində baxıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışda həmçinin insan hüquqlarının kobud pozuntusu olan İslamofobiya hallarının aradan qaldırılması istiqamətində bir sıra təkliflər də irəli sürülüb. Belə ki,  bütün dövlətlərin beynəlxalq hüquq normaları, beynəlxalq insan hüquqları hüququna uyğun olaraq öz öhdəliklərinin yerinə yetirməsinə, media, dini liderlər, qurumlar və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda irqçiliyin və nifrətin bütün növlərinə qarşı mübarizə məqsədilə milli mexanizmləri yaratmağa və gücləndirməyə təşviq edilməsi, Durban bəyannaməsi və onun Fəaliyyət Planının icrasına məsuliyyətli olan BMT-nin İrqi-ayrı seçkiliyin ləğvi üzrə Komitəsinin bu prosesə cəlb edilməsi, BMT-nin İnsan Hüquqları Saziş Qurumlarına dövri hesabatların, həmçinin İnsan Hüquqları Şurasına Universal Dövri İcmal mexanizmi zamanı müvafiq hesabatların verilməsinin təbliğ edilməsi kimi təkliflər bu qəbildəndir. 

Qeyd olunmalıdır ki, A.Səfixanlının təklifləri beynəlxalq seminarın yekunu olaraq qəbul olunmuş İstanbul Bəyannaməsində nəzərə alınıb.

Ombudsman Aparatının rəhbəri tədbirin ikinci günü Türkiyəninİnsan Hüquqları və Bərabərlik Qurumunun təşkilatçılığı ilə “İslamofobiya ilə mübarizədə milli insan hüquqları təsisatlatının rolu” mövzusunda təşkil olunmuş sessiyada çıxış edərək, Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi, o cümlədən ayrı-seçkiliyə qarşı mübarizə sahəsində fəaliyyəti barədə geniş məlumat verib, birgə əməkdaşlıq istiqamətlərindən danışıb, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.