Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Azərbaycan Qadınlarının VI Qurultayında iştirak edib

19-10-2023 362 dəfə oxunub
Ombudsman Azərbaycan Qadınlarının VI Qurultayında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında iştirak edib.

Dövlət rəsmilərinin, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxışı zamanı Müvəkkil Azərbaycanda qadınların hüquq və azadlıqlarının təmini məsələlərinə, gender bərabərliyinə nail olunmasına xüsusi diqqət yetirildiyini, qadın hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyətə malik bir sıra beynəlxalq müqavilələrin ölkəmiz tərəfindən ratifikasiya edildiyini bildirib.

S.Əliyeva cari ildə yüzillik yubileyi böyük ehtiramla qeyd olunan Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilmiş genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan qadınlarının cəmiyyətdə rolunun artırılmasına, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakına geniş imkanların yaradıldığını diqqətə çatdırıb. Ombudsman xalqımızın Ümummilli Liderinin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Müvəkkil qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində fəaliyyəti barədə ətraflı məlumat verib. Ombudsman ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi üzrə həyata keçirilən islahatlardan, o cümlədən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən bəhs edərək, bərabərlik hüququnun təmin olunmasının və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirdiyini bildirib.

Səbinə Əliyeva Ombudsman təsisatının qadın hüquqları və gender bərabərliyi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesində də yaxından iştirak etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Müvəkkil Ombudsman təsisatı tərəfindən ölkəmizin şəhər və rayonlarında qadın hüquqlarının müdafiəsi istiqamətində çoxsaylı maarifləndirici tədbirlərinin keçirildiyini qeyd edib.

Sonda Ombudsman qadınlar arasında sağlam həyat tərzinin təbliğinə, qadın sahibkarlığının inkişafına daha əlverişli mühitin yaradılmasına böyük ehtiyacın olduğunu diqqətə çatdırıb.