Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Moskvada beynəlxalq elmi-praktiki konfransda iştirak edib

18-10-2023 337 dəfə oxunub
Ombudsman Moskvada beynəlxalq elmi-praktiki konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “İnsan hüquqları müdafiəsinin problemləri: ombudsmanların səlahiyyətlərinə dair müsbət təcrübələrinin bölüşülməsi” mövzusunda VII beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

Qırx yeddi ölkənin ombudsmanlarının iştirak etdiyi tədbirdə “Müharibə və postmüharibə dövründə Azərbaycan Ombudsmanının fəaliyyəti” mövzusunda çıxışı zamanı Müvəkkil insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi sahəsində ombudsman təsisatlarının və milli insan hüquqları institutlarının rolunu vurğulayıb, Azərbaycanın Ombudsman təsisatının müvafiq istiqamətdə fəaliyyəti barədə ətraflı məlumat verib.

Müvəkkil ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi üzrə həyata keçirilən islahatlardan bəhs edib, mandatının mövcud beynəlxalq meyarlara uyğun olaraq,  aidiyyəti sahələr üzrə genişləndirilməsi ilə bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən danışıb.

Son illərdə baş verən müharibə və terror aktlarının fundamental insan hüquqlarının pozulmasına, humanitar böhranın yaranmasına səbəb olduğunu qeyd edən Ombudsman otuz ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarında törədilən müharibə cinayətləri barədə də danışıb.

Səbinə Əliyeva İkinci Qarabağ müharibəsi nəticəsində beynəlxalq hüququn tələblərinə uyğun olaraq torpaqlarımızın işğaldan azad edildiyini və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb.

Ombudsman həm Vətən müharibəsində, həm də postmüharibə dövründə Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin araşdırılması məqsədilə monitorinqlərin aparıldığını, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktlarını özündə əks etdirən müraciət, hesabat və bəyanatların aidiyyəti beynəlxalq təşkilatlara və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qurumlara ünvanlandığını qeyd edib.

Müharibələrin insan tələfatı ilə yanaşı, həm də onların itkin düşmələrinə səbəb olduğunu söyləyən Müvəkkil Birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyi barədə Ermənistan tərəfindən hələ də məlumat verilmədiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın törətdiyi mina terroru barədə danışan S.Əliyeva mina partlayışı nəticəsində İkinci Qarabağ müharibəsindən indiyədək yüzlərlə şəxsin mina qurbanına çevrildiyini qeyd edib.

Sonda S.Əliyeva insan hüquqlarının müdafiəsi sahəsində təsisatlar arasında münasibətlərin daha da möhkəmlənəcəyinə, səmərəli fəaliyyətin və konstruktiv dialoqun davam edəcəyinə ümidvar olduğunu bildirib.