Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun 16-cı toplantısı keçirilib

02-07-2018 247 dəfə oxunub
Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun 16-cı toplantısı keçirilib

Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun növbəti 16-cı toplantısı keçirilib. “Tikintidə təhlükəsizlik məsələləri biznes və insan hüquqları kontekstində” mövzusuna həsr olunmuş tədbirdə Ombudsman Elmira Süleymanova, onun Aparatının əməkdaşları, aidiyyəti dövlət qurumlarının nümayəndələri, İnsan Hüquqları üzrə Müvəkkil yanında fəaliyyət göstərən Ekspertlər Şurasının üzvləri və digər QHT təmsilçiləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Ombudsman iştirakçıları salamlayıb,toplantının məqsəd və məramı barədə məlumat verib. O, çıxışında bildirib ki, 25-dən çox dövlət qurumu və vətəndaş cəmiyyəti üzvlərinin təmsil olunduğu işçi qrupun fəaliyyəti nəticəsində çoxsaylı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunmuş, nəticələrinin monitorinqi aparılmış, birgə təkliflər ümumiləşdirilərək müvafiq dövlət qurumlarına, ictimaiyyətin diqqətinə çatdırılmış, onlardan bəziləri normativ-hüquqi aktlara edilən dəyişikliklərdə, yeni dövlət proqramlarında nəzərə alınmışdır.

Ombudsman tədbirin mövzusunun müvafiq sahədə aktual məsələlərə, o cümlədən tikintidə təhlükəsizlik norma və qaydaları, əməyin təhlükəsizliyi və ümumilikdə Azərbaycan Respublikası Konstitusiyasının 31-ci (Təhlükəsiz yaşamaq hüququ) və 35-ci (Əmək hüququ) maddələrində təsbit olunmuş hüquqların təmini ilə bağlı mühüm məsələlərə həsr olunduğunu bildirib. O, eyni zamanda bu hüquqların təmin edilməsinin mülkiyyət hüququ, mənzil toxunulmazlığı hüququ, sağlam və təhlükəsiz şəraitdə işləmək hüququ, sağlam ətraf mühitdə yaşamaq və digər konstitusion hüquq və azadlıqların  təminatına zəmin yaratdığını vurğulayıb.

Diqqətə çatdırılıb ki, ölkəmizdə digər sahələrlə yanaşı, tikinti sahəsinin də sürətlə inkişaf etdiyi bir şəraitdə tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində dövlət səviyyəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir, qanunvericilik bazası təkmilləşdirilir. Belə ki, Azərbaycan Respublikasının “Şəhərsalma və tikinti məcəlləsi” qəbul olunmuş, ölkə Prezidentinin müvafiq sərəncamları ilə Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi kimi əhəmiyyətli qurumlar təsis olunmuş  və uğurla fəaliyyət göstərirlər.

Ombudsman çıxışında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli, 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında işlənib hazırlanması nəzərdə tutulmuş təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi sahəsində işin gücləndirilməsi, əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramının qəbul edilməsi prosesinin sürətləndirilməsnin zəruriliyini qeyd edib.  

Müvəkkil tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik problemlərinin effektiv həlli üçün ilk növbədə bu sahəyə yeni yanaşmanın tələb edildiyini, bu baxımdan birgə müzakirələrin, təcrübə və fikir mübadiləsinin əhəmiyyətli olduğunu, qaldırılan məsələlərin birgə səylərlə səmərəli həlli yollarını araşdırıb tövsiyələrin verilməsinin vacibliyini vurğulayıb. 

Tədbirdə Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin sektor müdiri Kərim Ağayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Dövlət şəhərsalma nəzarəti şöbəsinin müdir müavini Vahid Bədəlov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) Əmək münasibətlərinin monitorinqi mərkəzinin müdir müavini Murad Fətullayev, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri, Ombudsman yanında fəaliyyət göstərən Ekspertlər Şurasının üzvü Sahib Məmmədov məruzələrlə çıxış edib, təmsil etdikləri qurumların bu sahədə həyata keçirdiyi fəaliyyət barədə məlumat veriblər.

Müzakirələr zamanı Azərbaycan Memarlar İttifaqı Peşəkarlıq etikası kollegiyasının sədri Rasim Babakişiyev, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının İdarə heyətinin sədri Səkinə Babayeva, Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşı Fariz Dadaşov və digər iştirakçılar fikir və mülahizələrini bildiriblər.

Toplantıda tikinti sahəsində təhlükəsizliyin daha səmərəli təmin edilməsi məqsədi ilə normativ bazanın təkmilləşdirilməsi, bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi və idarəetmənin mərkəzləşdirilməsi, prosedur qaydalarının sadələşdirilməsi, tikinti layihələrinin həyata keçirilməsi zamanı milli memarlıq üslubuna üstünlük verilməsi, yerli memarların imkanlarından daha geniş istifadə olunması, tikintidə təhlükəsizliyin təbliği, hüquqi maarifləndirmə işlərinin genişləndirilməsi, layiqli və təhlükəsiz iş şəraitinin təmin edilməsi, xüsusən isti yay aylarında açıq havada çalışan işçilər üçün zəruri şəraitin yaradılması, qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması üzrə nəzarətin gücləndiriləsi və digər səmərəli təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb, müvafiq fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.