Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında Leyla Dervisagik ilə görüş keçirilib

28-02-2018 159 dəfə oxunub
Ombudsman Aparatında Leyla Dervisagik ilə görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı Avropa Şurasının (AŞ) Media və İnternet Bölümünün Əməkdaşlıq şöbəsinin rəhbəri Leyla Dervisagiki qəbul etdi. Avropa Şurasının ölkəmizdəki Ofisinin rəhbəri Zoltan Hernyes görüşə qatılıb. 

A.Səfixanlı Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi üzrə fəaliyyət istiqamətləri, maarifləndirmə sahəsində həyata keçirilən işlər haqqında ətraflı məlumat verdi. O, təsisatın fəaliyyət dövrü ərzində beynəlxalq təşkilatlarla, o cümlədən AŞ ilə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu qurumla birlikdə seminar və treninqlərin keçirildiyini, səmərəli təcrübə mübadiləsinin aparıldığını söylədi. 

Leyla Dervisagik Azərbaycanda həyata keçiriləcək gender bərabərliyi və media azadlığı adlı layihə haqqında məlumat verərək qeyd etdi ki, layihənin məqsədi mediada, KİV vasitəsilə gender bərabərliyinin təşviqi, jurnalistlərin peşə davranış qaydalarının gender bərabərliyi kontekstində nəzərdən keçirilməsi və yenilənməsi, gender bərabərliyi və media azadlığına dair Avropa Şurasıstandartlarının, eləcə də yenilənmiş "Jurnalistlərin peşə davranış qaydaları"nın Bakı və regionlarda jurnalistlər və media professionalları arasında təşviqi, gender bərabərliyi və media azadlığı üzrə yeni tədris kursu proqramının hazırlanmasından ibarətdir.

Görüşdə daha sonra Müvəkkilin fəaliyyətinə Azərbaycan qanunvericiliyinin gender baxımından təhlilinin, gender nəzəriyyəsinin orta və ali məktəblərdə tədrisinin təşkil edilməsi, gender bərabərliyi sahəsində maarifləndirmə işinin aparılması, qadınların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsi, qadın və kişilər arasında bərabər imkanlara nail olunması üçün dövlət proqramlarının işlənib hazırlanması, Ombudsmanın təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “İnsan hüquqları”, “Genderə giriş” fənlərinin tədris olunması qonağın diqqətə çatdırıldı.

Azərbaycanın Ombudsmanı Elmira Süleymanovanın insan hüquqlarının, o cümlədən qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi ilə yanaşı, eyni zamanda fikir və söz azadlığı, informasiya əldə etmək hüququnun təmini sahəsində çoxşaxəli fəaliyyəti, Ombudsman təsisatının Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində həyata keçirilmiş Tvinninq layihəsində İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun implementasiyası sahəsində Ombudsman institutunun imkanlarının gücləndirilməsi komponentinin də uğurla gerçəkləşdirildiyi, bu istiqamətdə bir çox tədbirlər keçirildiyi, aidiyyəti qurumlara çoxsaylı təkliflər və tövsiyələr verildiyi vurğulanıb, Müvəkkilin ölkə mediası ilə əməkdaşlığı barədə geniş məlumat verilib.

Görüşdə AŞ və Ombudsman təsisatı arasında əməkdaşlığın gələcək perspektivləri geniş müzakirə edildi. 

Sonda qonaq səmimi qəbul üçün təşəkkür etdi və Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.