Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Məcburi köçkünlərin hüquqlarının müdafiəsi Avropa İttifaqının xüsusi layihəsi çərçivəsində geniş müzakirə olunmuşdur

30-04-2018 10392 dəfə oxunub
Məcburi köçkünlərin hüquqlarının müdafiəsi Avropa İttifaqının xüsusi layihəsi çərçivəsində geniş müzakirə olunmuşdur

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova Avropa İttifaqının İnsan Hüquqları və Münaqişələr adlı xüsusi layihəsi çərçivəsində “Məcburi köçkünlərin hüquqlarının təbliği və müdafiəsində Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda 23-27 aprel 2018-ci il tarixlərində Kiyev şəhərində təşkil olunmuş seminarda iştirak etmişdir.

Milli İnsan Hüquqları İnstitutlarının Avropa şəbəkəsi tərəfindən keçirilən bu tədbirdə Avropa ombudsmanları ilə yanaşı BMT-nin İnsan Hüquqları və Qaçqınlar üzrə Ali Kommissarlıqlarının, Avropa İttifaqının, Avropa Şurasının və digər beynəlxalq qurumların xüsusi nümayəndələri iştirak etmişlər.

T.Cahangirova seminarın proqramına uyğun olaraq mövzular üzrə müzakirələrdə fəal iştirak etmiş, qaldırılan məsələlər, ölkə təcrübəsi və təsisatda bu istiqamətdə görülən digər işlər barədə məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışdır.

Ombudsmanın nümayəndəsi eyni zamanda Avropa İttifaqının sözü gedən layihəsi üzrə BMT-nin İnsan Hüquqları Şurasının Məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Sesilia Jimenez-Damarinin iştirakı ilə məşvərət qrupunun iclasında məruzə ilə çıxış edərək, Ermənistanın təcavüzü və etnik təmizləmə nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunduğunu, Azərbaycanın keçmiş sovet respublikaları arasında qaçqın və məcburi köçkün problemi ilə üzləşən ilk ölkələrdən olduğunu, bir milyondan artıq azərbaycanlının insan hüquqlarının kütləvi surətdə pozulduğu və hələ də pozulmaqda davam etdiyini vurğulayaraq, artıq dünya ictimaiyyətinin qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin olunması sahəsində tanıdığı Azərbaycan modelinin xüsusiyyətlərini diqqətə çatdırmışdır. Belə ki, ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın 1.9-cu bəndinə müvafiq olaraq hazırlanan Böyük Repatriasiya (“Böyük Qayıdış”) proqramının başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin qısa müddət ərzində böyük dağıntılardan bərpa olunması, həmçinin bu Qayıdışın davamı olaraq, Ağdərə rayonunun azad edilmiş torpaqlarında Şıxarx kəndi ətrafında yeni şəhərciyin salınması, burada sürətli tikinti-abadlıq işlərinin aparılması, sosial-texniki infrastrukturun yaradılması, yerli əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasının Azərbaycan xalqının birliyinin göstəricisi olduğu xüsusi vurğulanmışdır

T.Cahangirova qeyd etmişdir ki, fəaliyyəti dövrü ərzində ölkə Ombudsmanı 20 yanvar faciəsi, Xocalı Soyqırımı, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü, Şuşa şəhərinin işğalı və digər qanlı hadisələrlə bağlı hər il, ümumilikdə isə 125 bəyanatını BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına və digər aidiyyəti beynəlxalq qurumlara ünvanlamışdır.

Müvəkkilin nümayəndəsi müvafiq sahədə Ombudsman təsisatının gördüyü işlər barədə məlumat verərək, heç bir ayrı-seçkiliyə yol verilmədən bu əhali qrupundan olan şəxslərə fərdi yanaşmanın Müvəkkilin insan hüquqları sahəsində fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu, belə ki, məcburi köçkünlərin Azərbaycan Ombudsmanına ünvanladığı müraciətlərə baxılması, yerlərdə araşdırmaların təşkili, qanunvericiliyin təkmilləşdirilməsi, geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, bu sahədə aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəsi tədbir iştirakçılarının diqqətinə çatdırılmış və qeyd olunanlar böyük maraqla qarşılanmışdır.

Ombudsmanın nümayəndəsi qaçqın və məcburi köçkünlərin hüquqlarının səmərəli müdafiəsi, o cümlədən BMT-nin Məcburi Köçkünlük üzrə Rəhbər Prinsiplərinin qəbul olunmasının 20 illiyi münasibəti ilə hazırlanan 2018-2020-ci illər üzrə Fəaliyyət Planının implementasiyası və əlaqələndirilməsi istiqamətində bir sıra təkliflər səsləndirmişdir.