Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi qaçqınların inteqrasiyasına dair keçirilmiş beynəlxalq seminarda iştirak etmişdir

30-03-2018 10385 dəfə oxunub
Ombudsmanın nümayəndəsi qaçqınların inteqrasiyasına dair keçirilmiş beynəlxalq seminarda iştirak etmişdir

Avropa İttifaqı və Azərbaycan Respublikası arasında imzananmış Mobillik naminə Tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihə çərçivəsində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (İCMPD) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK-ın) birgə təşkilatçılığı ilə 29 mart 2018-ci il tarixdə Bakı şəhərində “Qaçqınların inteqrasiyasına dair Yol Xəritəsi”nin təqdimatına həsr edilmiş beynəlxalq seminar keçirilmişdir. 

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova tədbirdə çıxış edərək, ölkəmizdə qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində həyata keçirilən islahatlar barədə məlumat vermiş, həssas əhali qrupları üçün sosial xidmət sisteminin inkişaf etdirilməsi, müvafiq sahədə qanunvericilik bazasının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, onların əmək bazarında tələb olunan müxtəlif peşələrə yiyələnmək məqsədilə birgə tədbirlər planının işlənib hazırlanmasının zəruriliyini vurğulamışdır.   

  T.Cahangirova qaçqın, məcburi köçkün və miqrantların problemləri, onların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə maarifləndirmənin Müvəkkilin insan hüquqları sahəsində həyata keçirdiyi fəaliyyətin prioritet istiqamətlərindən olduğunu bildirmişdir. 

Bundan başqa, miqrantların təkcə sayına deyil, həm də tərkibinə nəzər yetirilməsinin zəruriliyi, onlar arasında müxtəlif yaş və sosial qruplara aid olan şəxslər, eyni zamanda müxtəlif dillərə, dinlərə, millətlərə və fərqli mədəniyyətə sahib olan kişilər, qadınlar, uşaqlar, əlilliyi olanlar, ahılların olması səbəbindən onların bütün zəruri ehtiyaclarının ən yaxşı formada həyata keçirilməsinin təmin edilməsi və bunun üçün lazımi şərait yaradılmasının zəruriliyi vurğulanmışdır.

    İnteraktiv şəkildə davam etdirilən tədbirdə qaçqınların inteqrasiyası, bu şəxslərin sosial xidmətlərə çıxışının təmin olunması, habelə bununla bağlı yeni strategiya işlənib hazırnamaqla vahid sistmetin formalaşdırılması üzrə birgə gələcək fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.