Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İnklüziv ali təhsil: beynəlxalq rendlər və UNEC təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin, Dünya Əngəllilər Vakfının vitse-prezidenti Necdet Öztürkün, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı həmin tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın əlilliyi olan şəxslərin hüquqları üzrə ixtisaslaşmış müşaviri Müqalib Mahmudov iştirak edib.
UNEC-in rektoru Ədalət Muradov qonaqları salamlayıb, konfransın məqsəd və məramı, eyni zamanda bu ali məktəbdə əlilliyi olan tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat verib.
Ombudsmanın nümayəndəsi çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi hesab edildiyini, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqlara və azadlıqlara malik olduğunu diqqətə çatdırıb. Bu hüquqlar sırasında təhsil hüququnun mühüm yerlərdən birini tutduğunu qeyd edən Ombudsman Aparatının əməkdaşı son zamanlar əlilliyi olan şəxslərin təhsil hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, heç bir ayrı-seçkiliyə yol verilmədən təmin edilməsi ilə bağlı həyata keçirilən hüquqi islahatlar, bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayan Müvəkkilin bu sahədə gördüyü işlər barədə geniş məlumat verib.
Qeyd olunub ki, BMT Baş Məclisi tərəfindən 2006-cı il 13 dekabr tarixdə qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 24-cü maddəsinə əsasən, iştirakçı dövlətlər əlilliyi olan şəxslərin təhsil hüququnu tanıyırlar. Ayrı-seçkiliyə yol vermədən bu hüququn həyata keçirilməsi üçün iştirakçı dövlətlər bütün pillələrdə inklüziv təhsil sistemini və əlilliyi olan şəxslərin fasiləsiz təhsil almaq imkanını təmin etməlidirlər. İştirakçı dövlətlər əlilliyi olan şəxslərin əlillik əlamətinə görə təhsildən kənarlaşdırılmamasını, onların digər insanlarla eyni əsaslarla inklüziv, keyfiyyətli və pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etməlidirlər.
Təhsil hüququnun təmini vəziyyətinin digər hüquqların reallaşmasına təsirini qeyd edən Ombudsmanın nümayəndəsi bildirib ki, əlilliyi olan şəxslərin təhsildən kənarda qalması onların informasiya əldə etmək, müraciət etmək, dövlətin idarə olunmasında iştirak etmək kimi hüquqlarının məhdudlaşmasına gətirib çıxarır. O, bu qəbildən olan şəxslərin reabilitasiyası, inklüziv təhsil imkanlarının artırılması və cəmiyyətə inteqrasiyası sahəsində mövcud olan maneələr və onların həlli yolları barədə fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.
Ombudsmanın nümayəndəsi çıxışında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ötən ilin sonunda təsdiq edilmiş “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın bu qəbildən olan şəxslərin təhsil hüququnun bütün pillələr üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edilməsinə və onlar üçün maneəsiz mühit yaradılmasına müsbət təsir göstərəcəyini vurğulayıb.
Əlilliyi olan şəxslər üçün müxtəlif profilli reabilitasiya müəssisələrinin, surdoloji və loqopedik xidmət mərkəzlərinin, inklüziv komponentli təhsil ocaqlarının yaradılması və burada çalışan psixo-pedaqoji və sosial işçilərin, tibbin müxtəlif sahələri üzrə ixtisaslaşmış həkimlərin hazırlanması ilə bağlı tədbirlərin görülməsi sahəsində Müvəkkilin təkliflər irəli sürdüyü diqqətə çatdırılıb.
İştirakçılar əlilliyi olan şəxslərin təhsil hüququnun müdafiəsi və inklüziv təhsilin təbliği sahəsindəki səmərəli fəaliyyətinə görə Ombudsmana minnətdarlıqlarını bildiriblər.