Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ermənistanın növbəti mina terroruna qarşı Ombudsmanın reaksiyası

19-09-2023 223 dəfə oxunub
Ermənistanın növbəti mina terroruna qarşı Ombudsmanın reaksiyası

Ermənistan tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda basdırılmış minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam edir.

Belə ki, sentyabrın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlamışdır. Həmçinin terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edən Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamışdır. Baş vermiş partlayışlar nəticəsində iki mülki şəxs və Nazirliyin dörd əməkdaşı həlak olmuşdur.

Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilən mina terroru azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan mülki şəxslərin həyat və sağlamlıqlarına təsir etməklə yanaşı, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə ciddi maneə yaradır.

Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın bu xəritələri təhvil verməkdən imtina etməsi bu ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüquq normalarına etinasız münasibətini bir daha sübut edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, mülki şəxslərin həyatını itirməsinə səbəb olan, regionda sülh quruculuğu prosesinə xələl gətirən bu təxribatı şiddətlə pisləyir, beynəlxalq ictimaiyyəti dəqiq mina xəritələrinin ölkəmizə təqdim edilməsi üçün Ermənistana təzyiq göstərməyə və bu ölkənin törətdiyi mina terroruna reaksiya verməyə çağırıram.

 

Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

 

19 sentyabr 2023-cü il