Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Avropa İttifaqı ilə həyata keçirdiyi Tvinninq layihəsinin yekun nəticələri ictimaiyyətə təqdim olundu

01-02-2018 155 dəfə oxunub
Ombudsmanın Avropa İttifaqı ilə həyata keçirdiyi Tvinninq layihəsinin yekun nəticələri ictimaiyyətə təqdim olundu

Ombudsman beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı (Aİ) ilə səmərəli əməkdaşlıq əlaqələri yaradaraq uğurla inkişaf etdirilməkdədir. Bu sahədə həyata keçirilən dövlət siyasətinə müvafiq olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində Almaniya və Polşanın birgə iştirakı ilə 24 ay ərzində davam etmiş Tvinninq layihəsi həyata keçirdi. 

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin yekun nəticələrinin ictimaiyyətə təqdim olunması üçün tədbir təşkil edildi. 

Tədbirdə Müvəkkil Elmira Süleymanova, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahil Babayev, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Aİ tərəfindən layihə rəhbəri və üzv ölkə olan Almaniyanı təmsil edən Volker Ellenberger, kiçik layihə rəhbəri və üzv ölkə olan Polşanı təmsil edən Miroslav Vroblevski, Polşanın Azərbaycandakı səfiri Marek Calka, Almaniyanın Azərbaycandakı səfirinin müavini Theresa Schönfeld, Tvinninq üzrə Resident Əlaqələndiricisi Wulf Roewer, habelə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardini, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak və digər beynəlxalq təşkilatların təmsilçiləri, bir sıra xarici ombudsman təsisatlarının məsul nümayəndələri, Tvinninq layihəsi üzrə cəlb olunmuş ekspertlər, Azərbaycan Ombudsman Aparatının və təsisatın regional mərkəzlərinin əməkdaşları, o cümlədən Tvinninq layihəsinə qatılmış əməkdaşlar, digər dövlət qurumlarının, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak etdilər.

Ombudsman çıxışında Azərbaycan Respublikası ilə Aİ arasında səmərəli əməkdaşlığın tarixi və hazırda da uğurla davam etdirilməsi, bu kontekstdə xüsusilə Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində  Tvinninq, Texniki yardım və Məlumat mübadiləsi (TAİEX), Şərq tərəfdaşlığı kimi proqramlar barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, Azərbaycan Ombusmanının beynəlxalq əlaqələri sırasında Aİ ilə insan hüquqları sahəsində münasibətlər xüsusi önəm daşıyır, bu əməkdaşlıq kontekstində Şərq tərəfdaşlığı, Tvinninq və  TAİEX layihələrində iştirak edib, ümumilikdə Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda tətbiq olunmuş Twinning Light layihəsi uğurla həyata keçirilib, geniş təcrübə mübadiləsi aparılıb. Müvəkkil və Aparatın əməkdaşları istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda Aİ tərəfindən təşkil edilən müxtəlif səpkili tədbirlərdə fəal iştirak edirlər.

Bildirildi ki, hazırda yekunları müzakirə olunan və 24 ay ərzində uğurla həyata keçirilən Tvinninq layihəsi dörd komponenti əhatə edib. Birinci komponent Ombudsman institutunun İşgəncələrə qarşı mübarizə üzrə Milli Preventiv Mexanizm kimi fəaliyyətinin gücləndirilməsinə, ikinci komponent Ombudsman Aparatının institusional imkanlarının gücləndirilməsinə və idarəetmə informasiya sisteminin təkmilləşdirilməsinə, üçüncü komponent İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qunununun implementasiyası sahəsində Ombudsman İnstitutunun imkanlarının gücləndirilməsinə, dördüncü komponent isə Ombudsmanın mərkəzi aparatı və regional mərkəzinin əməkdaşları üçün səmərəli idarəetmə üzrə təlimlərin keçirilməsinə həsr olundu.

Qeyd olundu ki, layihənin hər bir komponenti üzrə müvafiq hesabatlar, müvafiq tövsiyələrdən ibarət strategiya və fəaliyət planları hazırlanmışdır ki, bunlarda Ombudsmanın gələcək fəaliyyətində istifadə ediləcəkdir. Ümumilikdə Almaniya, Polşa, Yunanıstan və Portuqaliya Ombudsman təsisatlarının ekspertləri ilə yanaşı yeddi Avropa ölkəsindən 40-dək yüksək səviyyəli ekspertlər bu layihədə iştirak etdi.

Müvəkkil bildirdi ki, həyata keçirilən bu layihə, istər Azərbaycan Ombudsmanının işinin təkmilləşdirilməsi, istərsə də bu layihəyə cəlb olunmuş ekspertlərin təmsil etdikləri qurumların fəaliyyətinin təkmilləşdirilməsi baxımından olduqca əhəmiyyətli oldu.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev çıxışında ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb, Aİ-nin respublikamızın əsas xarici investoru və ticarət tərəfdaşı olduğunu vurğulayıb. Qeyd olundu ki, iqtisadi əməkdaşlığın genişlənməsi, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə zəmin yaradır və əməkdaşlığımızın genişləndirilməsi üçün ölkənin böyük potensialı vardır. Vurğulandı ki, Azərbaycan Tvinninq layihələri üzrə regionda birinci yeri tutur. Nazir müavini ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatları və Ombudsmanın bu sahədə müsbət  fəaliyyətini diqqətə çatdırdı.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas yekunları müzakirə olunan Tvinninq layihəsinin əhəmiyyətindən söz açaraq, insan hüquqları sahəsində mühüm işlər həyata keçirən Ombudsman təsisatı ilə təmsil etdiyi qurum arasında səmərəli əməkdaşlığa görə, dəstək nümayiş etdirdiyinə görə Müvəkkilə təşəkkürünü bildirdi.

 Aİ tərəfindən layihə rəhbəri və üzv ölkə olan Almaniyanı təmsil edən Volker Ellenberger çıxışında bu layihə çərçivəsində əldə edilən yüksək təcrübənin əhəmiyyətini qeyd edərək, layihənin uğurla həyata keçirildiyini, tərəfdaş ölkələr üçün önəm daşıdığını və əməkdaşlığın davam etdirilməsinin zəruriliyini nəzərə çatdırdı. 

O, Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əhəmiyyətli işlər gördüyünü, bu sahədə əldə edilən nailiyyətlərin Avropa İttifaqına üzv ölkələrin ekspertləri tərəfindən yüksək dəyərləndirildiyini bildirdi. 

Üzv ölkələrdən Polşanı təmsil edən Miroslav Vroblevski Azərbaycan Ombudsman təsisatı ilə uğurla həyata keçirilən layihə çərçivəsində əldə edilən təcrübənin insan hüquqları sahəsində böyük əhəmiyyət kəsb etdiyini söylədi.

O, Ombudsman Aparatı əməkdaşlarının peşəkarlıq səviyyəsini yüksək dəyərləndirərək, Avropa İttifaqına üzv ölkələrin ekspertləri ilə birgə layihə çərçivəsində müsbət nəticələr əldə olunduğunu və bunun layihənin davamlılığının təmini baxımdan zəruri olduğunu qeyd etdi. 

Polşanın Azərbaycandakı səfiri Marek Calka təmsil etdiyi dövlətlə Azərbaycan arasında insan hüquqları istiqamətində əməkdaşlıq üçün böyük imkanlar olduğunu və inkişaf etdirildiyini bildirdi.

Almaniyanın Azərbaycandakı səfirinin müavini Theresa Schönfeld Ombudsman təsisatı ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdıraraq, tədbirin təşkilatçılarına minnətdarlığını çatdırdı.

 Tvinninq üzrə Resident Əlaqələndiricisi Wulf F. Roewer layihənin nəticələri üzrə təqdimatla çıxış edərək, statistik və digər zəruri məlumatları, layihənin hər bir komponenti üzrə hazırlanmış hesabatları təqdim etdi.

Eyni zamanda layihənin icrasında iştirak edən ekspertlərin Ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini, insan hüquqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq qanunvericiliyin, Paris Prinsiplərinin tələblərinə cavab verdiyi, Azərbaycan ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində tətbiq etdiyi müsbət təcrübələrin və təşəbbüslərin Avropalı həmkarları tərəfindən yararlanmağının tövsiyə edildiyi bildirilmişdir.

Sonra UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardini və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak Azərbaycan Ombudsman təsisatı ilə paytaxt və regionlarda keçirilən birgə silsilə tədbirlər, uzun müddət davam edən səmərəli əməkdaşlıq barədə məlumat verdilər. Onlar E.Süleymanovanın və təsisatın insan hüquqları, o cümlədən əhalinin müxtəlif kateqoriyalarının, uşaqların, qadınların, qaçqın və məcburi köçkünlərin, miqrantların hüquqlarının təmini sahəsində fəaliyyətini yüksək dəyərləndirdilər.

Tədbir səmərəli müzakirələr və fikir mübadiləsi şəraitində davam etdirildi, Tvinninq layihəsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətinin növbəti uğurlu addımı kimi qiymətləndirildi.