Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın MPM fəaliyyəti çərçivəsində Penitensiar Xidmətin müəssisələrində hüquqi maarifləndirmə tədbirləri keçirilib

18-09-2023 293 dəfə oxunub
Ombudsmanın MPM fəaliyyəti çərçivəsində Penitensiar Xidmətin  müəssisələrində hüquqi maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti (MPM) çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində və 4 saylı cəzaçəkmə müəssisəsində hüquqi maarifləndirmə tədbirləri təşkil olunub.

Tərbiyə Müəssisəsində saxlanan yetkinlik yaşına çatmayanlara MPQ üzvləri tərəfindən BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın, habelə saxlanılan şəxslərin hüquqları haqqında milli qanunvericiliyin müddəaları əsasında təqdimatlar edilib.

Eləcə də MPQ üzvləri tərəfindən şəxslərin cəzaçəkmə müəssisələrindən azad edildikdən sonra qarşılaşdıqları çətinliklərin və sosial ehtiyacların həllinə, cəmiyyətə adaptasiyasına dəstək məqsədilə təqdimat olunub. Təqdimat zamanı uşaqlar “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə tanış edilib. İnteraktiv şəkildə keçirilən təqdimatın gedişində onların sualları ətraflı cavablandırılıb, Müvəkkilin tövsiyələri çatdırılıb.

Ombudsman Aparatının ixtisasca sosial işçi olan əməkdaşının da iştirakı ilə Tərbiyə Müəssisəsində saxlanan uşaqlar fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib. Fərdi söhbət zamanı uşaqlar tərəfindən bildirilən bəzi məsələlər müəssisə rəhbərliyi qarşısında qaldırılmaqla yerində həll edilib.

Ombudsmanın MPM fəaliyyəti çərçivəsində bu tədbirlər 4 saylı cəzaçəkmə müəssisəsində də keçirilib. Qadın məhkumlar “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq müəssisələrdən azad edilmiş şəxslərə verilən təminatlar, dövlət tərəfindən təyin edilən yardım və sosial adaptasiyaya dəstək mexanizmləri barədə məlumatlandırılıb. Bu şəxslərin məşğulluğu, təhsil və peşə hazırlığının təşkili, tibbi, sosial, psixoloji və hüquqi yardımın göstərilməsi ilə bağlı geniş məruzələr təqdim edilib.

MPQ üzvləri tərəfindən məhkumların hüquqlarının təmini, onlarla rəftar və saxlanma şəraiti, kameraların vəziyyəti, şəxsi gigiyena, sanitariya, tibbi və psixoloji xidmətin təşkili məsələlərinə dair suallar ətraflı cavablandırılıb.

Tədbirdən sonra qadın məhkumlar fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib. Onlar qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilib, eyni zamanda, Ombudsmanın 24 saat fəaliyyət göstərən “916” Çağrı Mərkəzi barədə məlumat verilib.