Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun 15-ci toplantısı keçirilmişdir

22-12-2017 214 dəfə oxunub
Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun 15-ci toplantısı keçirilmişdir

Ombudsman yanında “Biznes və insan hüquqları” üzrə İşçi Qrupun növbəti 15-ci toplantısı keçirilmişdir. “Dayanıqlı inkişaf məqsədlərinin icrası Biznes və insan hüquqları kontekstində” mövzusuna həsr olunmuş tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Ombudsman Aparatının, digər aidiyyəti dövlət qurumlarının nümayəndələri, Müvəkkil yanında fəaliyyət göstərən Ekspertlər Şurasının üzvləri, digər QHT təmsilçiləri də iştirak etmişlər. 

Tədbiri giriş sözü ilə açan İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova iştirakçıları qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir. O qeyd etmişdir ki, BMT-nın Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası siyasi və institusional baxımdan kompleks yanaşma tələb edir. Odur ki, Azərbaycanda iqtisadiyyatın daha dayanıqlı, əhatəli və şaxəli inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Ölkə Prezidenti tərəfindən ötən il Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması və 2017-ci ilin iyul ayında Azərbaycan hökuməti tərəfindən DİM-in icra vəziyyəti barədə BMT-yə könüllü qaydada ilk milli hesabatın təqdim edilməsi qeyd olunan sahədə atılmış mühüm addımlardandır.

Müvəkkil çıxışında bildirmişdir ki, DİM-in icrasının əsas elementlərindən biri kimi çıxış edən korporativ sosial məsuliyyət (KSM) insan hüquq və azadlıqlarının təmin olunmasında xüsusi rol oynayır. Belə ki, KSM bir tərəfdən biznes qurumlarının qanunvericiliklə müəyyən edilmiş sosial, iqtisadi və digər vəzifələrin yerinə yetirilməsi öhdəliklərini, digər tərəfdən isə sahibkarların bu sahəyə mənəvi və əxlaqi yanaşmasını, etik düşüncədən irəli gələrək könüllü qaydada sosial ehtiyacların ödənilməsində iştirakını nəzərdə tutur. 

Ombudsman bu sahədə dövlət qurumları və QHT-lərin birgə əməkdaşlığının vacibliyini vurğulayaraq qeyd etmişdir ki, KSM-ə xüsusi diqqət yetirilməli, gələcəkdə dövlət proqramlarında bu məsələlərə geniş yer verilməli, xarici ölkələrin təcrübəsi öyrənilməli və qeyd olunan sahədə beynəlxalq sənədlərin müddəaları nəzərə alınmalıdır. O, həmçinin KSM-i əks etdirən beynəlxalq hüquqi sənədlər, daxili qanunvericilik və həmçinin bu sahədə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış tövsiyə xarakterli sənədlər barəsində tədbir iştirakçılarına ümumi məlumat vermiş, bu mühüm sənədlərin təbliği, tətbiqi, icra vəziyyəti, eləcə də həmin sənədlərin icrasına nəzarət mexanizmlərinin işlənib hazırlanmasının zəruriliyini vurğulamışdır. 

Millət vəkili Ziyad Səmədzadə tədbirdə çıxış edərək Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətinin uğurlu və təqdirəlayiq olduğunu, DİM-in və onun vacib komponenti olan KSM mövzusunun yeniliyini və aktual xarakter daşımasını diqqətə çatdırmışdır. Sahibkarlar tərəfindən insan hüquqlarına riayət olunması, pozuntu halların qarşısının alınması, bu sahədə hesabatlılığın təmin edilməsi istiqamətində tədbirlərin gücləndirilməsini zəruri hesab edən millət vəkili gələcəkdə problemlərin təhlili, həlli mexanizmlərinin təkmilləşdirilməsi baxımından bu cür görüşlərin davamlı olmasının, aidiyyəti dövlət qurumlarına təklif və tövsiyələrlə müraciət edilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır. 

O, son illər Azərbaycanda yüksək iqtisadi inkişafa nail olunduğunu, əlverişli biznes mühitinin yaradıldığını, bu sahədə əməli tədbirlərin uğurla davam etdirildiyini bildirməklə yanaşı, gələcəkdə kiçik sahibkarlığa dəstəyin daha da gücləndirilməsinin, vergi ödənişləri ilə bağlı güzəştlərin tətbiqinin, dərman və ərzaq məhsullarının təhlükəsizliyinə nəzarətin artırılmasının və digər bu kimi tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirmişdir. 

Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun əməkdaşı Nicat Eyvazzadə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov və Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri, Ombudsman yanında fəaliyyət göstərən Ekspertlər Şurasının üzvü Sahib Məmmədov məruzələrlə çıxış etmiş, təmsil etdikləri qurumların bu sahədə həyata keçirdiyi fəaliyyət barədə məlumat vermişlər.

Dəyirmi masa zamanı DİM icrasında dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının rolu, sahibkarların bu prosesdə iştirakının əhəmiyyəti, biznes və insan hüquqları  kontekstində korporativ sosial məsuliyyətin təbliği, yeni iqtisadi modellərin işlənib hazırlanması və tətbiqi zamanı DİM-in tələblərinin nəzərə alınması, müəssisələrdə gender bərabərliyi, layiqli iş şəraitinin təmin edilməsi və DİM-in əhatə etdiyi digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, müvafiq fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmiş, təklif və tövsiyələr səsləndirilmişdir.