Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbirdə çıxış etmişdir

19-12-2017 200 dəfə oxunub
Ombudsman Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbirdə çıxış etmişdir

Məlum olduğu kimi, 1990-cı il dekabrın 18-dә BMT Baş Mәclisi tәrәfindәn qəbul edilmiş “Bütün әmәkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyası Azərbaycan Respublikası Milli Mәclisinin 1998­-ci il 11 dekabr tarixli Qanunu ilә ratifikasiya olunmuşdur. 2000­-ci ildən etibarən isə dekabrın 18-­i dünyada Beynəlxalq Miqrant Günü kimi qeyd olunur.

Bununla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Dövlət Miqrasiya Xidməti, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və Avropa İttifaqının Azərbaycandakı nümayәndәliklərinin birgə təşkilatçılığı ilə həmin günə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Ombudsman Elmira Süleymanova, Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev, Avropa İttifaqının və BMqT-nin ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Kestutis Yankauskas və Sərhan Aktoprak çıxış etmiş, Beynəlxalq Miqrant Günü ilə bağlı hazırlanmış video-çarxlar nümayiş etdirilmiş, həmçinin BMqT-nin respublikamızdakı nümayəndəliyi tərəfindən həyata keçiriləcək Azərbaycanda miqrantların könüllü qayıdışı üzrə pilot layihəsinin təqdimatı keçirilmişdir.

Tədbirdə Müvəkkil çıxış edərək, İnsan Hüquqları üzrə Ali Komissarının BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 70 illiyinə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsinə qalx” devizi ilə artıq 10 dekabrdan başlanan və bir il davam edəcək qlobal kampaniyanın hüquq bərabərliyi, ayrı-seçkiliyə yolverilməzlik, iştirakçılıq, əməkdaşlığın inkişafından ibarət olduğunu vurğulayaraq, hər bir insanın eyni hüquqlara malik olması fikrinə əsaslanan və BMT-nin insan hüquqları sahəsində ilk və təməl sənədi olan Bəyannamənin bütün insanların hüquqlarının bərabər imkanlar əsasında beynəlxalq səviyyədə tanınmasına və təşviqinə yönəldildiyini, bu prinsipin bir çox Konvensiyalarda, o cümlədən Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Konvensiyada da təsbit olunduğunu qeyd etmişdir. 

Bununla yanaşı, 2017-ci il BMT-nin devizi ilə keçirilən digər kampaniyadan birinin də Beynəlxalq Miqrant Gününə həsr olunmuş “BİRLİKDƏ: hörmət, təhlükəsizlik, şərəf hamı üçün” çağırışı ilə keçirilən kampaniya olduğu bildirilmiş, hər iki çağırışların Dayanıqlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqinə yönəldildiyi, habelə ölkəmizin bu qlobal kampaniyalara qatıldığı vurğulanmışdır.

Ombudsman son dövrdə dünyada miqrantlarının sayının kəskin surətdə artdığını, bu səbəbdən onların hüquqlarının müdafiəsinə yönəlmiş beynəlxalq normalara uyğun həm qanunvericilik, həm də yeni normaların qəbul edilməsi və bununla bağlı yeni icra strukturlarının yaradılmasının və onların fəaliyyətinə ciddi nəzarət olmasının vacibliyini, bunun da hər bir dövlətdən insanpərvər və humanist yanaşma tələb etdiyini söyləmişdir. O, məcburi yerdəyişməyə məruz qalmış miqrantların öz ölkələrində yoxsulluğun dərəcəsi, qidalanma, sosial və tibbi xidmətlərin göstərilməsi, habelə insan hüquqlarının təmin edilməsi ilə qane olmama səbəbindən başqa ölkələrə üz tutduqlarını qeyd etmişdir.

Öz sabitliyi, sürətli iqtisadi inkişafı, insanların maddi, sosial və insan hüquqlarının təmin edilməsi, öz tolerantlığı və multikulturalizm ənənələri ilə başqa ölkələrə örnək olan Azərbaycanın miqrantlar üçün cəlb edici ölkə olduğu, odur ki, burada miqrantların sayının tədricən artmasının müşahidə edildiyi bildirilmişdir.

Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və ölkəmizdə yaşayan hər bir kəsə şamil olunan bərabərlik, azadlıq və digər prinsiplər əsasında miqrantların hüquqlarının səmərəli təmin edilməsi sahəsində qanunvericilik bazasının yaradıldığı, Ombudsman haqqında Konstitusiya Qanununa da miqrantların hüquqlarının müdafiəsinin xüsusi əlavə olunduğu, habelə bununla bağlı effektiv müdafiə mexanizmlərinin inkişaf etdiyi, ölkəmizdə 15 ildir ki, fəaliyyət göstərən Ombudsmanın ölkə vətəndaşları ilə yanaşı əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və miqrantların hüquqlarının müdafiəsi və təbliği, habelə hüquqpozmalarının qarşısının alınması sahəsində fəaliyyət göstərdiyi, bu istiqamətdə qabaqcıl təcrübələr tətbiq edilməklə Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində tədbirlərin davam etdiyi vurğulanmışdır. Həmçinin qeyd edilmişdir ki, bu prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi məqsədilə həmin Xidmət yanında 2016-cı ildə yaradılmış İctimai Şura fəaliyyət göstərir.

Müvəkkil habelə müvafiq sazişlər çərçivəsində xarici ölkələrdən geri qayıtmış Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətə səmərəli reinteqrasiyasının dəstəklənməsi və problemlərinin həlli məqsədilə müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət 2017-ci ildə yaradılmış Reinteqrasiya üzrə İşçi Qrupunun fəaliyyət göstərdiyini bildirmişdir.

Müvəkkil həm ölkə daxilində olan miqrantlarla, həm də ölkədən gedən Azərbaycan Respublikası vətəndaşları ilə müntəzəm olaraq iş apardığını, bu istiqamətdə 15 xarici ölkələrin Ombudsmanları ilə ikitərəfli müqavilələr əsasında sıx əməkdaşlıq əlaqələri yaradıldığını, həmçinin bu qəbildən olan insanların vəziyyətinin yaxşılaşdırılması, tənzimlənməyən miqrasiyanın qarşısının alınması və qanuni əsaslarla ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan miqrantlar üçün münbit şəraitin yaradılması məqsədilə dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və KİV ilə sıx əməkdaşlıq etdiyini vurğulamışdır. O, həmçinin Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən DMX-in Bakı və Yevlax şəhərlərində Qanunsuz Miqrantların Saxlanılma mərkəzlərinə mütəmadi baxışların keçirildiyini, orada saxlanılanların vəziyyətinin araşdırıldığını və lazımi tədbirlər görüldüyünü diqqətə çatdırmışdır.

Ombudsman BMT və onun bütün qurumları ilə, xüsusilə BMT QAK, Beynəlxalq Miqrasiya Təşkilatı, YUNİSEF, həmçinin Avropa İttifaqı ilə qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq əlaqələrinin genişləndiyini, habelə respublikanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sərhəd-keçid məntəqələrində müntəzəm olaraq birgə izahat və maarifləndirmə tədbirlərinin həyata keçirildiyini, müxtəlif əcnəbi dillərdə hüquqi nəşrlərin hazırlandığını və yayıldığını bildirmişdir.

Tədbirin sonunda Müvəkkil miqrantların insan hüquqlarının təbliği və müdafiəsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq təcrübənin tətbiqi sahəsində uğurlu fəaliyyətə görə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən xüsusi Təşəkkürnamə ilə təltif edilmişdir.