Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman İƏT Ombudsmanlar Assosiasiyasının Ümumi Yığıncağında iştirak edib

07-10-2023 195 dəfə oxunub
Ombudsman İƏT Ombudsmanlar Assosiasiyasının Ümumi Yığıncağında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) Ümumi Yığıncağında iştirak edib.

Assosiasiyaya üzv ölkələrin ombudsmanlarının iştirak etdiyi tədbirdə çıxışı zamanı Müvəkkil İƏT OA-nın fəaliyyəti çərçivəsində məlumatlılığın artırılması sahəsində mühüm təşəbbüslər həyata keçirildiyini, Azərbaycanın Ombudsman təsisatının bu səylərin fəal iştirakçısı olduğunu və üzv digər qurumlarla təcrübə mübadiləsinin aparıldığını bildirib.

S.Əliyeva dünyada İslam ölkələrinə, o cümlədən Azərbaycana qarşı haqsızlıqların və beynəlxalq münasibətlərdə ikili standartların davam etdiyini bildirib.

Ombudsman Azərbaycan torpaqlarında Ermənistan tərəfindən törədilən müharibə cinayətləri barədə məlumat verib, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin bu günədək naməlum qaldığını qeyd edib.

S.Əliyeva işğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən basdırılmış minaların hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam etdiyini, indiyədək 300-dən çox şəxsin mina terrorunun qurbanına çevrildiyini bildirib.

Ombudsman 31 il əvvəl törədilmiş Xocalı soyqırımı barədə də ətraflı məlumat verərək, bu soyqırımının beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqların kobud şəkildə pozulması ilə nəticələnən etnik təmizləmə siyasətinin sübutu olduğunu bildirib. S.Əliyeva ədalətin bərpa edilməsi üçün xalqların və beynəlxalq təşkilatların Xocalı soyqırımına beynəlxalq siyasi və hüquqi qiymət verməsinin zəruriliyini vurğulayıb.

Müvəkkil belə bir qətliamın bir daha təkrarlanmaması, cinayətkarların ədalət mühakiməsinə cəlb olunması məqsədilə İƏT OA tərəfindən aidiyyəti beynəlxalq qurumlar qarşısında məsələlərin qaldırılması istiqamətində müraciət edib.

Tədbirdə İƏT Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinə seçkilər keçirilib. Səbinə Əliyeva Assosiasiyasının İdarə Heyətinə yenidən üzv seçilib.