Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Müvəkkil BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının ofisinin nümayəndələrini qəbul etmişdir

28-11-2017 179 dəfə oxunub
Müvəkkil BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının ofisinin nümayəndələrini qəbul etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Sahə missiyaları və Texniki əməkdaşlıq Departamentinin rəhbəri Corcet Qaqnonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Ali Komissarlığın Amerika, Avropa və Mərkəzi Asiya üzrə regional şöbəsinin yeni təyin olunmuş rəhbəri Jose Maria Aranaz, Cənubi Qafqazadakı Ofisinin insan Hüquqları üzrə Baş Müşaviri Vladimir Şkolnikov və başqaları da iştirak etmişlər. 

Qonaqları salamlayan Müvəkkil uzun illərdir ki, BMT və onun saziş qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırmışdır. 

Qeyd edilmişdir ki, 2006-cı ildə Milli İnsan hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi tərəfindən Milli İnsan hüquqları qurumu kimi Paris prinsiplərinə uyğun müstəqil fəaliyyət göstərdiyinə görə Azərbaycan Ombudsmanı “A” statusu ilə akkreditasiya olunmuş və 2012-ci ildə xüsusi icmaldan sonra həmin status ilə yenidən reakkreditasiya olunmuşdur. 

2006-cı ildə qəbul edilmiş Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının və 2011-ci ildə qəbul edilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı ölkəmizdə insan hüquqlarının daha səmərəli müdafiəsi və təmini üzrə yol xəritəsi olduğunu,  bu sənədlərin həyata keçirilməsi üzrə işçi qrupuna rəhbərlik etmək  Müvəkkilə təklif olunduğu qeyd edilmişdir.

Sözügedən Milli Fəaliyyət Proqramının icrası ilə bağlı respublikanın hər bir şəhər və rayonunda Ombudsman tərəfindən ictimai dinləmələrin keçirildiyi,  həmin tədbirlər çərçivəsində Müvəkkil tərəfindən şikayətçilərin təkbətək qəbul edildiyi, qaldırdıqları məsələlərin həlli istiqamətində tədbirlər görüldüyü, həmçinin bütün polis idarələrinə baş çəkmələr həyata keçirildiyi diqqətə çatdırılmışdır. 

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokoluna qoşulduqdan sonra, Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkilin müəyyən olunması, bu səlahiyyətlərlə bağlı Ombudsman haqqında Konstitusiya Qanununa dəyişikliklərin edilməsi barədə məlumat verilmişdir.

Bu istiqamətdə sistemli fəaliyyətin təşkili məqsədilə təsisatda müvafiq struktur bölmənin, həmçinin Milli Preventiv Qrupun yaradıldığı, qrup tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə il ərzində 300-dən çox planlı və plandan kənar başçəkmələr həyata keçirildiyi qonaqların diqqətinə çatdırılmışdır. 

Hər bir polis şöbəsində, o cümlədən penitensiar müəssisələrdə və şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərdə işgəncələr və uşaq hüquq pozuntusu ilə bağlı məlumatları qəbul edən 24 saat fəaliyyət göstərən qaynar xətt lövhələrinin asıldığı qeyd edilmişdir.

E.Süleymanova ölkə Prezidentinin 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncam imzaladığını, vaxtilə Müvəkkilin də alternativ cəza metodlarının tətbiqi üzrə bir sıra təkliflər verdiyini diqqətə çatdırmışdır.

E.Süleymanova dövlətin humanizm siyasətinə uyğun olaraq, mütəmadi olaraq əfv sərəncamlarının verildiyini, amnistiya aktlarının qəbul olunduğunu, qanunvericiliyə edilən dəyişikliklərlə bağlı təşəbbüslərin bu yanaşmanın əsas göstəricilərindən olduğunu diqqətə çatdırmışdır. 

Qeyd olunmuşdur ki, fəaliyyət dövründə çoxsaylı təkliflər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunmuşdur. Ümumilikdə isə, Ombudsmanın müxtəlif qurumlara 600-dək təkliflərinin ünvanlanmışdır ki, onun da 200-dən çoxu Milli Preventiv Mexanizm qismində fəaliyyətlə bağlı olmuş və bunların 60 faizdən çoxu təmin olunmuş və ya icraya yönəldilmişdir.

Müvəkkilin Milli Məclisdə dövlət büdcəsi layihəsinin  müzakirələrində iştirak etdiyini, irəli sürdüyü təkliflərin nəzərə alınaraq, ruhi xəstələrin qidalanmasına ayrılan büdcə vəsaitinin, habelə diabetli şəxslərin müalicəsinə ayrılan məbləğin isə dəfələrlə artırıldığı qonaqların diqqətinə çatdırılmışdır.

Müvəkkil Milli Məclisə  “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” Konvensiyanın, Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının, BMT-nin Əlilliyi olan İnsanların Hüquqlarının müdafiəsi üzrə Kovensiyasının, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunun ratifikasiya edilməsi, həmçinin “Reproduktiv sağlamlıq”, “Yuvenal ədliyyə, “Uşaqların cismani cəzadan müdafiəsi” haqqında qanunların qəbul olunmasını təklif etdiyini qeyd etmişdir.

E.Süleymanova qeyd edilən hər bir sənədin əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi üçün əsas vəsait kimi istifadə edildiyini vurğulamışdır. 

Ombudsman onun təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində  “İnsan hüquqları”, “Genderə giriş” fənləri tədris olunması, həmçinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Uşaq hüquqları üzrə Pilləli Tədris proqramının həyata keçirilməsi bərədə qonaqlara məlumat vermişdir.

E.Süleymanova qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində mühüm işlər görüldüyünü, ölkənin ayrı-ayrı bölgələrində əhali arasında bu istiqamətdə  maarifləndirmə işi apardığını, bu istiqamətdə fəaliyyətini səmərəliliyinin artırılması üçün kompleks proqramların qəbul edilməsinin əhəmiyyətini qeyd etmişdir. 

Müvəkkil biznes və insan hüquqlarının Ombudsmanın fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu, Ombudsman yanında “Biznes və İnsan Hüquqları sahəsində İşçi qrup” yaradıldığını, İşçi Qrupun tərkibinə dövlət qurumları ilə yanaşı QHT-lərin də cəlb edildiyini və  İşçi Qrupun toplantılarında müvafiq mövzular üzrə geniş fikir mübadiləsi aparıldığını, təklif və tövsiyələr verildiyini qeyd etmişdir.

BMT ilə qurulan səmərəli əməkdaşlıq əlaqələrinə toxunan Müvəkkil, bildirmişdir ki, gələn il Azərbaycan BMT-nin Universal Dövri İcmal, BMT-nin  İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, Uşaq Hüquqları Konvensiyası və “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiya üzrə müvafiq saziş qurumlarına hesabat, həmçinin Müvəkkil tərəfindən sözügedən komitələrə paralel hesabatları hazırlayaraq təqdim edəcəkdir. Bununla bağlı BMT Ali Komissarlığının dəstəyinin məqsədəmüvafiq olacağı diqqətə çatdırılmışdır. 

Müvəkkil həmçinin insan hüquqlarının təmini və müdafiəsi işinin səmərəliliyinin artırması üçün yeni yanaşmalara və mexanizmlərə ehtiyac olduğunu bildirmişdir. 

Corcet Qaqnon Müvəkkilə təsisatın çoxşaxəli fəaliyyətini, həmçinin müsbət təcrübələrini ehtiva edən ətraflı və məzmunlu məlumat üçün təşəkkür etmiş, onun BMT-nin saziş qurumları və insan hüquqlarının sahəsində marrifləndirməyə xidmət edən hüquqi nəşrlərini yüksək qiymətləndirmişdir. Qonaq qeyd etmişdir ki, Ümumdünya insan hüquqları bəyannaməsinin 70 illiyi ilə əlaqədar olaraq illik kampaniya elan ediləcək və bu kampaniya çərçivəsinə Ombudsman təsisatı ilə birgə regionlarda tədbirlərin keçirilməsi təklif etmişdir. 

Sonda qonaqlar Müvəkkilə səmimi qəbul üçün təşəkkür etmişlər.