Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi miqrasiya mövzusunda beynəlxalq seminarda iştirak etmişdir

20-11-2017 258 dəfə oxunub
Ombudsmanın nümayəndəsi miqrasiya mövzusunda beynəlxalq seminarda iştirak etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətində əhalinin digər kateqoriyalarının hüquqları ilə yanaşı, miqrantların hüquqlarının daha etibarlı təmin edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Bu günlərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən ölkəmizdə həyata keçirilən “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində Naxçıvan şəhərində “Tənzimlənməyən miqrasiya ilə mübarizə” mövzusunda beynəlxalq seminar keçirilmişdir.

Azərbaycanın və ondan çox xarici ölkələrin aidiyyəti dövlət qurumlarının, həmçinin BMqT-nin ekspertlərinin və başqalarının qatıldığı həmin tədbirdə Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova iştirak etmişdir. 

T.Cahangirova tədbirdə çıxış edərək, Azərbaycan Respublikasında insan hüquqları, o cümlədən qanunsuz miqrasiya və insan alveri ilə mübarizə sahəsində həyata keçirilmiş islahatlar, qəbul olunmuş normativ hüquqi aktlar, dövlət proqramları və milli fəaliyyət planları haqqında geniş məlumat vermişdir. O, insan alveri və məcburi əməyin qurbanına çevrilmə riskinin azaldılması məqsədilə həssas əhali qruplarından olan qaçqın, məcburi köçkün, miqrant, uşaq, qadın və əlilliyi olan şəxslər arasında daim maarifləndirmə işinin aparılmasının, habelə bu sahədə yeni strategiyaların hazırlanmasında aidiyyəti dövlət orqanları və beynəlxalq qurumlarla yanaşı vətəndaş cəmiyyətinin iştirakının vacibliyini vurğulamışdır. 

Eyni zamanda Müvəkkilin nümayəndəsi miqrantların əhalinin kifayət qədər mobil qrupu olması səbəbindən onların sayı və gəlmə səbəbləri ilə yanaşı həm də tərkibinə nəzər yetirilməsi və problemlərinə həssas yanaşmanın zəruri olduğunu vurğulamış, belə ki Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə nəzarət olunduğunu, bunun da ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verdiyini, ölkə Prezidentinin 2016-cı ildə imzaladığı müvafiq Fərmana əsasən viza prosedurlarının sadələşdirilməsi üçün “ASAN viza” sisteminin fəaliyyət göstərdiyini bildirmişdir.

O, Müvəkkilin miqrantların hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət haqqında ətraflı məlumat vermiş, həmçinin ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə respublikamızın hər bir rayonunda ictimai dinləmələrin keçirildiyini qeyd etmişdir. 

Həmçinin bildirilmişdir ki, ölkə Müvəkkili bu əhali qrupunun hüquqlarının daha effektiv müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirərək xarici ölkələrin Ombudsmanları ilə insan hüquqları sahəsində ikitərəfli əməkdaşlıq haqqında 15 saziş imzalamışdır. Həmin sazişlərin əsas məqsədinin təsisatların Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrin ərazilərində, hüquqi sənədin tərəfi olan ölkənin vətəndaşlarının isə ölkəmizdə hüquqlarının pozulması halları ilə əlaqədar bir-birini vaxtında məlumatlandırması, onların bərpasına Ombudsmanların öz səlahiyyətləri daxilində yardım göstərməkdən ibarət olduğu diqqətə çatdırılmışdır.

T.Cahangirova Müvəkkilin beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı, bu qurumun ölkəmizdəki nümayəndəliyi, BMT-nin ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin qarşılıqlı anlaşma şəraitində davam etdirildiyini bildirmiş, belə ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sisteminin keyfiyyətinin artırılması” layihəsi çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyi ilə birgə həyata keçirilən çoxşaxəli fəaliyyət barədə məlumat vermişdir.

O, qeyri-leqal miqrasiyanın qarşısının alınması məqsədilə sərhədi qanunsuz keçən miqrantların yerlərinin müəyyən edilməsi, ayrı-ayrı informasiya kampaniyaların təşkili də daxil olmaqla buraxılış məntəqələrinə və vizaların verilməsi üzərinə nəzarətin gücləndirilməsi, sığınacaq axtaran miqrantlara hüquqi və psixoloji yardımların göstərilməsinin, həmçinin sərhəd bölgələrində maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Seminar səmərəli fikir və təcrübə mübadiləsi şəraitində başa çatmışdır.